Makron Lukaşenkoya səsləndi: “Prezident vəzifəsini tərk et”

Makron Lukaşenkoya səsləndi: “Prezident vəzifəsini tərk et”

Fransa Prezidenti Emmanuel Makron “Le Journal du Dimanche” qəzetinə verdiyi müsahibədə deyib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko vəzifəsini tərk etməlidir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

“Belarusda baş verənlər avtoritar bir hakimiyyətin böhranıdır. Demokratiyanın məntiqini qəbul edə bilmirlər və gücün köməyi ilə vəzufədə qalmağa çalışırlar” deyib.

Bundan əlavə, Makron Belarusda nümayişçilərin cəsarətindən təsirləndiyini vurğulayıb. Prezidentə görə, onlar həftə sonları nümayişlərə getməklə risk etdiklərini başa düşürlər. Makron, hər şənbə günü mitinq keçirən qadınlara hörmət etdiyini söyləyib.

Belarusda prezident seçkiləri 9 avqustda keçirilib. Mərkəzi Seçki Komissiyasına görə, Aleksandr Lukaşenko 80,1% səslə qalib gəlib. Müxalifət bu nəticələri tanımayıb və Svetlana Tixanovskayanı qalib hesab edib.

Seçkilərdən dərhal sonra kütləvi etirazlar başlayıb. Əvvəlcə gözyaşardıcı qaz, səsboğucu bomba, su şırnağı və rezin güllələrdən istifadə edilərək yatırılıb, lakin sonra üsullar daha yumşaq olub.

Rəsmi məlumata görə, 6,7 mindən çox nümayişçi nəzarətə alınıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşlar zamanı yüzlərlə insan, o cümlədən 130-dan çox hüquq-mühafizə orqanının əməkdaşı yaralanıb. Üç etirazçının ölümü rəsmi olaraq təsdiqlənib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az