Ermənilər mədəni irsimizi məhv etməyə çalışırlar

Ermənilər mədəni irsimizi məhv etməyə çalışırlar

Azərbaycan Prezidenti cənab İlham Əliyevin BMT Baş Assamb­leyasının 75-ci sessiyasının ümumi debatlarında videoformat­da çıxışı bu günlər dünya mətbuatının əsas müzakirə möv­zularından birinə çevrilmişdir. Cənab Prezidentin cəsarətli, yüksək siyasi məntiqə söykənən tarixi çıxışı işğalçı Ermənistanın mənfur niyyətlərini bir daha dünyaya bəyan etdi.

Dövlət başçısı Ermənistanın həmin ərazilərdə milli- mədəni irsimizi məhv etməsini xüsusi vurğulayaraq demişdir: “Bu­günkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılmış və talan edilmişdir. Ermənistan işğal edil­miş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıtmışdır. Məqsəd isə orada azərbaycanlıların bütün izlərini silməkdir”.

Ermənistanın Azərbaycan xalqına qarşı davam edən təcavüzünün qurban­ları təkcə soydaşlarımız deyil, həm də yaşı minilliklərlə ölçülən dini abidələrimiz və ziyarətgahlarımızdır. Dini-mədəni abidələrimiz xalqımızın tarixi yaddaşıdır. Ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri törətməsi beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxe­oloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Ancaq mənfur düşmən heç bir beynəlxalq normaya əməl etmir, vəhşiliklər törədir.

Qədim Azərbaycan torpaqlarında, o cümlədən Dağlıq Qarabağda məhv edilən abidələrin 67-si məscid, 140-ı ziyarətgahlardır. Bunlar erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib və bu­nunla da Azərbaycan xalqının milli-mənəvi yaddaşına güclü zərbə vurulub. Monoetnik Ermənistan dünya dəyərlərinə qarşı çıxaraq işğal etdilmiş ərazilərdə azərbaycanlıların maddi-mənəvi abidələrini məhv edir.

Ermənilərin bu siyasəti dünya xalqla­rı tərəfindən qəbul edilmir və işğalçıların bu hərəkəti pislənilsə də, təəssüf ki, buna qarşı nə beynəlxalq təşkilatlar, nə də böyük dövlətlər səviyyəsində münasibət bildirilir. Bir çox hallarda bu prosesləri görməzliyə vururlar, ən yaxşı halda isə üzərindən sükutla keçirlər.

İşğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri, ölkəmizin mədəni irsinə qar­şı təcavüz faktları, əsl mənada, vandalizmdir.

Cənab Prezident Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki çıxışında da bu barədə məlumat verərək demişdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edil­mişdir. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycanın izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirmişdir.

Biz torpaqlarımız işğaldan azad olu­nandan sonra dağıdılmış tarixi-mədəni abidələrimizi bərpa edəcəyik.

Azərbaycan xalqı əmindir ki, torpaqları­mız geri qaytarılacaq və biz həmin yerlərdəki tarixi-mədəni irsimizə sahib çıxacağıq.

Rafiq NOVRUZOV,
Bakı Slavyan Universitetinin prorektoru, professor

Mənbə: xalqqazeti.com