Samux: Heydər Əliyev Fondu tərəfindən qəzalı, yararsız təhsil müəssisələrinin yerində yeniləri ucaldıldı...

Samux: Heydər Əliyev Fondu tərəfindən qəzalı, yararsız təhsil müəssisələrinin yerində yeniləri ucaldıldı...

Son illər Samux rayonunda Heydər Əliyev Fondu tərəfindən görülən işlər əhalinin hədsiz razılığına səbəb olur. Bu baxımdan məktəb və məktəbəqədər təhsil müəssisələrinin tikintisi, yenidən qurulması və əsaslı təmiri işləri xüsusilə diqqət çəkir. Fond tərəfindən aparılan işlərin nəticəsidir ki, Samuxda hər cür şəraiti olan, müasir tələblərə cavab verən tədris və məktəbəqədər müəssisələrin sayı ildən-ilə artır. Bu il də istisna de­yildi. Yeni dərs ili günü bir neçə belə təhsil müəssisəsinin təntənəli açılışları oldu.

Onlardan biri rayonun Sərkar kənd Nizami Gəncəvi adına tam orta məktəbin binası idi. Təxminən 100 il qabaq, 1923-cü ildə tikilən bu binada ayrı-ayrı vaxtlarda, yəni 1936,1959 və 1968-ci illərdə artan tələbata uyğun olaraq əlavə korpuslar inşa olunub. Lakin məktəbdə sonuncu dəfə 2004-cü ildə təmir işləri görülsə də sinif otaqları çatışmadığı üçün bu vaxtadək tədris iki növbədə aparılıb. Digər tərəfdən məktəbin binası ötən illər ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Belə bir vaxtda Heydər Əliyev Fondu tərəfindən 2019-cu ildə tikintisinə başlanmış 800 şagird yerlik yeni məktəb binasının 2020-cu ilin sentyabrında şagirdlərin və müəllimlərin istifadəsinə verilməsi hamının böyük razılığına səbəb olmuşdur.

Üç mərtəbəli, 5 korpusdan ibarət məktəb binasında 39 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, iki in­formatika, hərbi təlim, tibb otaqları, qız­lar və oğlanlar üçün əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.

Həyətyanı ərazidə abadlıq və yaşıllaş­dırma işləri aparılıb. Məktəbin direktoru Afaq Möyləyeva deyir ki, müəllim kollektivimiz, şagirdlər və valideynlər Prezident İlham Əliyevə və birinci xa­nım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təhsilə, onun inkişafına göstərdikləri diqqət və qayğıya görə hədsiz minnətdardırlar.

Sərkar kənd sakinlərini sevindirən digər möhtəşəm bir obyekt kənd körpələr evi–uşaq bağçasıdır. Bağçanın binası 1987-ci ildə inşa olunub. 80 yerlik nəzərdə tutulan bu bina qəzalı olduğu üçün burada cəmi 40 uşaq yerləşdirilib. Digər tərəfdən bina ötən illər ərzində fiziki cəhətdən köhnəlib və istifadəyə yararsız vəziyyətə düşüb. Heydər Əliyev Fondunun köməyi nəticəsində yeni bağçanın inşasına 2019-cu ilin sonlarında başlanılıb və tikinti işləri 2020-ci ilin avqust ayında yekunlaşıb.

Yüz yerlik körpələr evi–uşaq bağça­sında yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı və digər inzibati və texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağça­nın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, əyləncə qurğuları quraşdırılıb.

Rayonun İmadəddin Nəsimi adına Zi­yadlı kənd tam orta məktəbi və körpələr evi–uşaq bağçası da yeni binalarla təchiz edilib və onlar da istifadəyə verilib.

Qeyd edək ki, Ziyadlı kənd tam orta məktəbi indiyədək 1979-cu ildə inşa olunmuş binada fəaliyyət göstərib. Bina sonuncu dəfə 2006-cı ildə təmir edilib. Məktəbin binası sonrakı illərdə köhnəldiyi üçün yararsız vəziyyətə dü­şüb.

Heydər Əliyev Fondu tərəfindən yeni 523 şagird yerlik məktəbin əsaslı təmirinə 2019-cu ilin sonlarında başlanılıb. Təmir işləri 2020-ci ilin avqust ayında yekun­laşıb. İkimərtəbəli, 4 korpusdan ibarət məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib.

Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğını özündə əks etdirən foto-guşə yaradılıb. Təhsil müəssisəsində 28 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana və akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Başqa bir məktəbəqədər təhsil müəssisəsi isə Ziyadlı kənd körpələr evi–uşaq bağçasıdır. Bina 1929-cu ildə inşa olunub. 60 yerlik nəzərdə tutulan bağça qəzalı olduğu üçün 20 yerlik olaraq fəaliyyət göstərib. Bina ötən illər ərzində köhnələrək yararsız vəziyyətə düşüb. Heydər Əliyev Fondu tərəfindən yeni körpələr evi–uşaq bağçasının inşasına 2019-cu ilin sonlarında başlanılıb. Tikinti işləri 2020-ci ilin avqust ayında yekun­laşıb.

Bina 2 mərtəbədən ibarətdir. Bağça­da uşaqlar üçün yataq və oyun otaq­ları, idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı, digər inzibati və texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib.

Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, uşaq əyləncə qurğuları quraşdırılıb, söhbətgahlar inşa edilib.

Məlumat üçün bildirək ki, Heydər Əliyev Fondu tərəfindən ərsəyə gələn bu binaların təntənəli açılışlarında Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı di­rektoru Anar Ələkbərov, rayon icra hakimiyyətinin başçısı, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Anar Ələkbərov demişdir ki, Heydər Əliyev Fondu fəaliyyətində təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahədə müxtəlif layihələr və proqramlar icra etməklə təhsilin inkişafına öz töhfəsini verir. Fond yeni məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsinə də öz dəstəyini əsirgəmir. Fondun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binaları­nın inşasına istiqamətlənib. Proqram çərçivəsində paytaxtda və ölkənin müxtəlif bölgələrində tikilən məktəblər müasir avadanlıq, laboratoriyalar, zəngin kitabxanalar, emalatxana, idman zalları, geniş meydançalar, əyani vəsait və kom­püter avadanlığı ilə təchiz edilir.

Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” layihəsi çərçivəsində isə respublika üzrə onlarla uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib, yeni avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar tikilib və kommunal şərait yaxşılaşdırılıb. Fond, həmçinin bu illər ərzində “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proq­ramı çərçivəsində yeni uşaq bağçaları, körpələr evinin inşası və təmiri sahəsinə öz töhfəsini verib.

…Samuxda bu gün şagirdlər də, körpələr də işıqlı, hər cür şəraiti olan məktəblərə, uşaq bağçalarına həvəslə gedir, biliklərə yiyələnir, təlim-tərbiyə ilə əhatə olunurlar. Müəllimlər, tərbiyəçilər də sevinir və çalışırlar ki, dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya cavab olaraq gələcəyin əsl vətəndaşlarını yetişdirsinlər.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

Mənbə: xalqqazeti.com