Dövlət başçısının təhsillə bağlı fikirləri əməli fəaliyyət proqramımızdır

Dövlət başçısının təhsillə bağlı fikirləri əməli fəaliyyət proqramımızdır

Azərbaycan Prezidenti İlham Əliyev Bilik Günü ilə əlaqədar biz müəllimlər üçün proqram xarakteri daşıyan müraciətində bildirib kimi, cari dərs ili pandemiya şəraitində, yeni formatda təşkil edildi. Məqsəd ondan ibarətdir ki, Azərbaycan xalqı, eləcə də gənc nəsil – tələbələr, şagirdlər koronavirus bəlasından mümkün qədər çox qoruna bilsin. Müraciətində digər çox məqamlara da toxunub. Ölkə rəhbəri qeyd edib ki, pandemiya iqtisadiyyata, eləcə də təhsilə özünün mənfi təsirlərini göstərsə də, dövlət səviyyəsində görülmüş tədbirlər sayəsində pandemiyanın təhsilə vurduğu fəsadların böyük hissəsi aradan qaldırılıb.

Karantin rejiminin tətbiqinə baxmayaraq, ölkəmizdə təhsil ocaqlarının yeni binalarının və korpuslarının inşasının davam etdirilməsi fərəhli faktdır. Bu il Azərbaycanda 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi Bilik gününə hazır vəziyyətə gətirilərək, qapılarını müəllim və şagirdlərin üzünə açıb. Bir neçə məktəbin açılışı isə ilin sonuna nəzərdə tutulur. İnşası başa çatmış 147 məktəbdən 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib. Son 17 ildə Azərbaycanda yeni məktəb tikintisinin geniş vüsət alması Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunub.

Azərbaycan Prezidentinin dediyi bu fikirlər qəlbimizi qürur hissi ilə doldurur: “Təhsilə ayrılan vəsait gələcəyə ayrılan vəsaitdir. Mən hələ 2004-cü ildə demişdim ki, biz “qara qızıl”ı insan kapitalı­na çevirməliyik və bunu əldə etmişik. Çünki son illərdə Azərbaycanda nəinki təhsilin maddi-texniki bazası möhkəmlənib və bu gün bizim bütün ali məktəblərimiz təmirli binalarda yerləşir, eyni zaman­da, təhsilin keyfiyyəti artır. Bu, çox vacib məsələdir. Deyə bilərəm ki, müəllim peşəsinə maraq bərpa olunub və artır, bu da özünü rəqəmlərdə göstərir. Müəllim peşəsini seçən gənclərimizin sayı hər il artmaqdadır”.

Mən düz 50 il pedaqoji sahədə çalışmışam. Bunun əksər hissəsi Masallıdakı 1 nömrəli tam orta məktəblə bağlıdır. Tarix fənnini tədris etmişəm, uzun illər di­rektor olmuşam. Əməyim layiqincə qiymətləndirilib. Hazırda Masallı rayon Ağsaqqallar Şurası sədrinin müaviniyəm. Tez-tez gənclərlə, məktəblilərlə görüşür və onlara əsl vətənpərvərlər olmağı, Azərbaycanı ürəkdən sevməyi, onun rufahına böyük töhfələr vermək üçün elmi biliklərə dərindən yiyələnməyi tövsiyə edirəm. İlbəil daha çox gəncin şərəfli müəllim peşəsini seçməsi olduqca müsbət haldır.

Dövlət başçısının təhsilə, orta və ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi diqqətə görə zati-alilərinə dərin minnətdarlıq duyğularımı ifadə edir və gənc həmkarlarımı yaradılan şəraitdən hərtərəfli bəhrələnməyə, daim öz üzərlərində çalışaraq yenilikləri öyrənib tətbiq etməyə səsləyirəm. Gənclərimiz də bilikləri həvəslə mənimsəməlidirlər. Möhtərəm Prezidentimiz sözügedən müraciətində xüsusi vurğulayıb ki, inkişaf etmiş ölkələr yalnız təbii resursların deyil, daha çox biliyin, elmin, yeni texnologiyaların hesabına irəli gediblər. Biz də hər vasitə ilə buna nail olmalıyıq.

Bir daha qeyd edim ki, Azərbaycan liderinin proqram xarakterli müraciətində yer alan fikirlər müəllimləri şagirdlərə - sabahımızın sahiblərinə daha dərin biliklər verməyə səfərbər edir. Hər bir pedaqoq gündəlik fəaliyyətində Prezidentin irəli sürdüyü tezisləri can-başla həyata keçirməlidir.

Mirqabil HÜSEYNOV,
“Tərəqqi” medallı Əməkdar müəllim

Mənbə: xalqqazeti.com