Gözlənilən bir hərbin tarixçəsi

Ermənistanın sülh oyunbazlıqları və... Azərbaycanın bütün cəbhə boyu əks-hücumu haqda

Əslində heç nə gözlənilməz deyildi. Hər kəs müharibə olacağını deyirdi. Çünki onu qaçılmaz edən bir sıra amillər vardı. Həm də çoxdan. Ermənistanda onsuz da bütün partiyalar “müharibə partiyası”dır. Ermənistan dövləti əslində nifrət, qan, göz yaşı, soyqırım, etnik təmizləmə, dağıntılar – bir sözlə, müharibə üzərində qurulub. Azərbaycanın tarixi torpaqlarında qurulmuş dövlətdir; bu, hər şeyi deyir. Azərbaycan ziyalılarından biri: “Biz hər tərəfdən öz ərazilərimizlə həmsərhədik” deyib. Doğrudan da, belədir.

Azərbaycan Türklərinin tarixinə baxdıqda biz çox geniş əraziləri, çoxlu sayda xalqları, etnik topluluqları öz içinə almış dövlətləri görürük. Öz dövrünün çox qüvvətli, qüdrətli dövlətlərini. Elə çox uzağa da getməyək; 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda bizim dövlətimizin ərazisi 114 min kvadrat kilometr idi. Rusların təkrar Azərbaycanı işğal edib bolşevik hakimiyyəti qurmasından sonra bu ərazi daha da azaldı. 20-ci əsr boyu bizim torpaqlarəmızdan zaman-zaman kəsib Ermənistana birləşdirdilər. Tək elə Laçında Alagöl yaylağını, Qazaxdakı sərhədyanı torpaqları misal gətirmək olar. 1988-1994-cü illərin hadisələri - əvvəl etnik münaqişə, sonra açıq müharibə oldu. Biz Ermənistanın özündə azərbaycanlılar yaşayan torpaqlarmızı itirdik; yüzminlərlə Azərbaycan Türkü, müsəlman kürdü ordakı yurd-yuvalarını tərk etməyə məcbur edildi. Daha sonra biz Dağlıq Qarabağda azərbaycanlılar yaşayan kəndləri, şəhərləri (Şuşa, Xocalı başda olmaqla) itirdik. 1992-ci ilin yayınadək artıq nə Ermənistanda, Azərbaycanın özünün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində bir nəfər də olsun Azərbaycan Türkü, eləcə də, o ərazilərdə tarix boyu yaşamış kürdlər, başqa xalqların təmsilçiləri qalmadı. Üstəlik Ermənistandan Dağlıq Qarabağ bölgəsinə yolun keçdiyi Laçın da işğal olunmuşdu. Ermənistan birləşmələri rus hərbçilərinin dəstəyi ilə Xocalıda, Qaradağlıda, Malıbəylidə, Kərkicahanda... dəhşətli soyqırım aktları, vandalizm, etnik təmizləmə - bir sözlə, saya-hesaba gəlməyən hərbi cinayətlər törətmişdilər. 1992-ci ildəki hakimiyyət dəyişikliyindən sonra yay-payız aylarında Azərbaycan ordusu əks-hücuma keçərək Dağlıq Qarabağ ərazisinin 40 faizini, Laçının əksər kəndlərini azad etmiş və Laçın dəhlizini nəzarətə götürmüşdü. Lakin 1993-cü aprelində Kəlbəcər, iyundakı növbəti hakimiyyət dəyişikliyindən sonra isə yay-payız aylarında Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal olundu.

Burdan görünən odur ki, Azərbaycanda nə zaman hakimiyyət boşluğu olubsa, yaxud ordu ilə hökumət arasında kordinasiya pozulubsa, o zaman Ermənistan bundan fürsət olaraq yararlanıb. Təbii ki, arxasındakı güclərin də dəstəyi ilə. Lakin bu gün vəziyyət fərqlidir. Azərbaycan daha böyük güc toplayıb və daha böyük qətiyyətlə Ermənistanın hücumunu dəf edir və bu gün əks-hücuma keçərək düşmənin Azərbaycan torpağındakı varlığına son qoymaq əzmindədir. Xalq öz torpaqlarının işğalı ilə barışmır. Hökumət də ən yüksək səviyyələrdə dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin qurulmasına imkan verməyəcək. Ordu hər zaman əmr gözləyirdi. Bu gün həmin əmr verildi. Buna görə yox ki, Azərbaycan müharibə istəyirdi. Xeyr! Azərbaycan hər zaman bu işğalın danışıqlar yolu ilə aradan qaldırılmasına çalışdı. Ən kiçik imkandan da istifadə etməyə çalışdıq ki, torpaqlarımızı qan tökülmədən, müharibəsiz geri qaytaraq. Bunun üçün uzun müddət danışıqlar getdi. Hətta bu danışıqların səmərəsiz olduğuna dair cəmiyyətdə fikir, buna etirazlar yarandı. Ancaq yenə də Azərbaycan danışıqların davam etdirilməsindən yana oldu; bəlkə Ermənistan rəhbərliyi, erməni xalqı baş verənlərdən nəticə çıxarar, daha müdrik qərarlar verilə bilər deyə. Həm də beynəlxalq hüquq bizim tərəfimizdə olduğundan buna çalışdıq. Beynəlxalq birliyin qərarları, qətnamələr var. Ancaq Ermənistan bunu yerinə yetirmədi. Bizimlə atəşkəs sazişi imzalasalar da, atəşi, demək olar, bir gün də dayandırmadılar, həmin sazişi hər gün pozdular. İşğal etdikləri ərazilərdə sürünən ilhaq siyasəti yeritdilər. Qanunsuz məskunlaşdırmalara başladılar. “Seçkilər”, “referendumlar” keçirdilər. Guya orda dövlət qurdular. Mümkün olan hər şeyi etdilər ki, danışıqlar dayandırılsın. Sülh prosesi (əgər o, doğrudan da, vardısa) pozulsun. Bu danışıqlara vasitəçilik edən böyük dövlətlər də məsələyə sırf öz maraqlarından yanaşdılar; işğalçını uzun müddət siyasi bəsləmədə saxladılar. Özü danışıqlarda vasitəçi olanlar işğalçı dövlətə - Ermənistana silah satdılar, bəzən də hədiyyə etdilər. Pul-para verdilər. Siyasi dəstək, media dəstəyi göstərdilər. Eləcə də, qonşu İran.

Bu üzdən başqa bir yolumuz qalmadı. Zatən Azərbaycan hər zaman deyirdi ki, sülh danışıqları nəticə verməsə, torpaqlarımızı hərbi yolla qaytaracağıq. Buna cavab olaraq Ermənistan da, vasitəçilər də münaqişənin hərbi həllinin olmadığını bəyan edirdilər. İndi diplomatik-siyasi həll yolu qapanıb (Ermənistan danışıqları, faktik, pozub – gah danışıqların formatını dəyişdirməyə çalışmaqla, gah “Qarabağ-Ermənistandır” deməklə və sair). Danışıqlar onsuz da dayanmışdı – getmirdi. Bu halda hərbi güc tətbiqindən başqa bir yol qalırdımı?! Yox!

Azərbaycan daha bir 25-30 il səmərəsiz danışıqlara (sülh oyunbazlıqlarına) dözmək istəmir. İş, görün, nə yerə gəlib çıxıb? Bayaq Ermənistandan, işğal olunmuş Qarabağ torpaqlarından qaçqın, köçkün düşməyə məcbur qoyulmuş olanlar arasında biz Türklərlə yanaşı kürd əsilli insanları da vurğuladıq. Dəhşətli faktdır ki, özü bütün kürdləri Ermənistandan, Qarabağdan qovub çıxarmış, öldürmüş, əsir-yesir etmiş bir dövlət indi gedib İraq Kürdüstanından, Suriyadan PKK-nı, eləcə də, ASALA terrorçularını gətirib Azərbaycana qarşı qoyur. Və buna İran da logistik dəstək verib. Bu arada Güneydə - İranda yaşayan Türk qardaşlarımız, kürdlər belə bir məkrli plana necə seyrçi qala bilər?! Qalmamalıdırlar. Sonra da bəziləri deyir ki, Türkiyə əsgərlərinin Azərbaycanda nə işi var?! Sualı belə qoyun: o, terror qruplarının, o muzdluların və sair və ilaxır Ermənistanda və Dağlıq Qarabağda nə işi var?! Rusiya nədən Ermənistandadırsa, Türkiyə də o üzdən Azərbaycana gəlir. Azərbaycan öz torpağını – öz haqqını qoruyur. Biz savaş istəmədik. Belə olmasaydı, bu qədər uzun müddət danışıqlar masasında oturmazdıq. Ermənistan o masanı devirdi. Bununla da müharibəni başlatmış oldu. İndi bunun cavabını bizim əsgərimizə vermək zorundadır. Öz ölən, yaralanan əsgərinə görə də öz xalqı qarşısnda cavab versin. Bizim apardığımız müharibə müqəddəs müharibədir; Vətən müharibəsidir. Biz öz Vətənimizin torpağında vuruşuruq. Onlar – Ermənistan əsgərləri özgə torpağındadırlar. Ölmək istəmirləsə, Laçın dəhlizindən və Kəlbəcərə, Zəngilana çəkdikləri yollar açıqdır; çıxıb getsinlər. Geri çəkiləcək olan varsa, onlardır, bizim əsgər deyil. Bu çətin, məsuliyyətli günlərdə hər birimiz bacardığımız qədər fiziki, ən azı mənəvi dəstəyimizi ordumuza göstəririk, göstərməliyik. Bu günlərdə bütün siyasi, şəxsi və sair maraq münaqişələri bir qırağa qoyulmalıdır. Biz bu müharibədə qələbəni öz birliyimizin, biləyimizin gücü ilə qazana bilərik. Əminəm ki, qazanacağıq da.

Bahəddin Həziyev

Bizimyol.info

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Prezident İlham Əliyevin xalqa müraciəti Türkiyə mediasında geniş işıqlandırılıb

SONRAKI XƏBƏR

Əbdülhəmid Gül: Türkiyə dost və qardaş Azərbaycanın yanındadır