SÜLHƏDDİN ƏKBƏRİN PARTİYASI DA ALİ BAŞ KOMANDANA DƏSTƏK VERDİ:"Bütün addımlara birmənalı, qeyd-şərtsiz və qəti dəstək veririk"

SÜLHƏDDİN ƏKBƏRİN PARTİYASI DA ALİ BAŞ KOMANDANA DƏSTƏK VERDİ:"Bütün addımlara birmənalı, qeyd-şərtsiz və qəti dəstək veririk"

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Strateq.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin başladığı bu əməliyyata artıq müxalifət partiyalarından da böyük dəstək nümayiş etdirilir. Onlar bəyanat verərək, başlanan Vətən savaşında Ali Baş Komandanın yanında olduqlarını bəyanat edirlər.

Sülhəddin Əkbərin rəhbərlik etdiyi Azad Demokratlar Partiyası da əks-əməliyyat tədbirləri başa çatanadək, Ali Baş Komandanın yanında olduqları haqda mövqe bildirib.

Partiyanın birlik bəyanatını oxucularımıza təqdim edirik:

Azad Demokratlar Partiyası:

neoimperialist Rusiya başda olmaqla, öz havadarlarından birbaşa və dolayısilə hərtərəfli dəstək alan işğalçı Ermənistanın ölkəmizə yönəlik olan, son dövrlər müntəzəm xarakter alan hərbi təhrik və təxribatlarını, xüsusilə bugünkü genişmiqyaslı təhrikçi hərbi təxribatını hiddətlə qarşılayaraq qəti şəkildə pislədiyini;

milli məsələlərə, Azərbaycan Respublikasının milli maraqlarına, xüsusilə həyati müdafiə marağına siyasətüstü məsələ kimi baxdığını;

və Azərbaycan Respublikasının siyasi-hərbi rəhbərliyinin Vətənimizin müdafiəsi ilə bağlı olaraq atdığı bütün addımlara birmənalı, qeyd-şərtsiz və qəti dəstək verdiyini;

bütün Azərbaycan xalqını Vətənimizin müdafiəsi naminə milli həmrəyliyə və birliyə çağırdığını bəyan edir.

Biz eyni zamanda beynəlxalq birliyi BMT TŞ-nin özündə böyük yayılma potensialı daşıyan, regional sülh, sabitlik və təhlükəsizliyi təhdid edən bu təhlükəli münaqişənin həlli ilə bağlı qəbul etdiyi məlum 4 qətnaməsinin (822, 853, 874 və 884 saylı) yerinə yetirilməsini və işğalçı erməni silahlı qüvvələrinin dərhal, tamamilə və qeyd-şərtsiz olaraq torpaqlarımızdan çıxarılmasını işğalçı Ermənistandan tələb etməyə çağırırıq.

Azad Demokratlar Partiyası, 15 iyul 2020-ci il tarixli bəyanatında qeyd etdiyi kimi, dünyada, regionda, xüsusilə də ölkəmizdə yaranmış vəziyyəti:

yeni dünya nizamı quruculuğunun son mərhləyə daxil olduğunu və koronavirus pandemiyasının bu prosesi sürətləndirdiyini;

geopolitik qarşıdurmanın qlobal və regional səviyyədə həlledici mərhələyə daxil olduğunu;

dünyada, xüsusilə qonşu regionlarda (Orta Şərq və postsovet məkanı) gedən geopolitik, geostrateji, geoekonomik və geokültürəl proseslərin regionumuza mənfi təsirlərinin artdığını;

yaranmış durumda neoimperialist Putin Rusiyasının daha aqressiv xarici siyasət aparmağa, xüsusilə dağılmasını “XX əsrin geopolitik fəlakəti” hesab etdiyi keçmiş SSRİ-nin “torpaqlarını yığmağa” davam etməsini;

Cənubi Qafqaz və Xəzər regionunda formalaşmış ağır və mürəkkəb hərbi-siyasi durumun bu fonda daha da ağırlaşdığını və mürəkkəbləşdiyini;

formalaşmış və inkişafda olan mənfi qlobal və regional inkişaf meyllərinin təsiri fonunda öz həllini gözləyən milli məsələ və problemlərimizin daha da aktuallaşdığını;

həyati milli maraqlarımızla bağlı olan, on illər ərzində həll edilməmiş qalan bu milli məsələ və problemlərimizin – işğal altındakı torpaqlarımızın azad edilməsi, pozulmuş suverenliyimizin və sərhədlərimizin toxunulmazlığının bərpa edilməsi və müstəqilliyimizin möhkəmləndirilməsinin imperativ siyasi, hərbi və sosial tələbə çevrildiyini;

üstəlik, uzun illər ərzində cəzasız qalmış düşmənin azğınlaşdığını, konkret olaraq 12 iyul 2020-ci ildən başlayaraq öz havadarlarının razılığı ilə Azərbaycan-Ermənistan dövlət sərhəddində açıq hərbi təxribatlara başladığını, Rusiyanın lideri olduğu KTMT-ni bu proseslərə cəlb etməyə çalışdığını;

bu təxribatların ağır nəticələr verdiyini və xalqımızın haqlı olaraq kütləvi narazılığına səbəb olduğunu;

və xalqımızın öz torpaqlarını işğaldan azad etməyə hazır olduğunu nəzərə alaraq,

bir daha Azərbaycan Respublikasının dövlət başçısını, ali baş komandanını və hökumətini öz konstitusiya borcunu yerinə yetirməyə, işğal altındakı torpaqlarımızın azad edilməsi, pozulmuş suverenliyimizin və sərhədlərimizin toxunulmazlığının bərpa edilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi üçün kompleks qəti addımlar atmağa, bütün təbii və potensial müttəfiqlərilə strateji münasibətlər qurmağa, ələlxüsus qardaş Türkiyə ilə hərbi müttəfiqlik sazişi imzalamağa, daxildə “böyük təmizliyə” başlamağa çağırır;

Qəti addımların atıldığı halda, milli maraqları rəhbər tutaraq və “Hər şey Vətən üçün!”, “Hər şey qələbə üçün!” deyərək, bu addımları hərtərəfli dəstəkləməyə, hətta öz siyasi fəaliyyətini müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bəyan edir.

Mənbə: strateq.az