Ermənistan bədnam aqibətinə yaxınlaşır

Ermənistan bədnam aqibətinə yaxınlaşır

İki gün öncə məhz “Xalq qəzeti”nə Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasında videofor­matda çıxış edərkən işğalçı Ermənistanın faşist dövlət simasını, onun Azərbaycana növbəti hücum planlarını növbəti dəfə ifşa etməsi ilə bağlı açıqlama vermişdim. Prezidentin Baş Assambleyanın sessiyasının ümumi debatlarında çıxışının qarşı günlərdə də əsas müzakirə mövzusu olacağı, geniş rəylər doğuracağı şübhəsiz idi. Cənab İlham Əliyevin beynəlxalq ictimaiyyəti işğalçı Ermənistana sanksiyalar tətbiqinə çağırması, mövzuya mü­nasibətdə yeni bir səhifənin də açıldığını göstərməklə, düşmənin ədalətli sülhdən uzaqlaşıb öz bədnam aqibətinə daha da yaxınlaşdığını ifadə etmişdi.

Hiyləgər Ermənistan hakimiyyəti mövcud durumdan sui-istifadə edərək, öz məkrli siyasətini davam etdirməkdə idi. Azərbaycanın işğal edilmiş ərazilərində qanunusz məskunlaşma həyata keçirilir, o cümlədən erməni əsilli livanlılar işğal bölgəsinə köçürülürdü. Qanunusz infrastruktur layihələr həyata keçirilir, işğal bölgəsindəki ərazilərdə Azərbaycan xalqının min illərə dayalı milli-mədəni irsi məhv edilir, toponimlər əsassız şəkildə dəyişdirilir və ölkəmizə məxsus təbii sərvətlər qeyri-qanuni istismar edilir, həmçinin müxtəlif ölkələrdən olan muzdluları, o cümlədən əliqanlı terrorçuları (ASALA, PKK mənsublarını) Qarabağa (eləcə də, dövlət sərhəddinə) cəlb edirdi.

Prezident İlham Əliyev dünyanın ən ali tribunasından Ermənistanın işğalçılıq, faşist, anti-insani siyasətini, yeni müharibə planlarını faş etdi, BMT-ni, bütün beynəlxalq ictimaiyyət təmsil­çilərini Ermənistanın təcavüzkar siyasətinə son qoymaq üçün əməli tədbirlər görməyə, Er­mənistanın bu hərəkətlərinə müşahidəçi qalmamağa çağırdı.

Dünya bu çağırışları eşitməli və Azərbaycan bu çağırışın nəticəsini çox gözləməli deyildi. Çünki, Azərbaycan ədalətli münasibəti haqq edir! Nə qədər gözləməli, daha nə qədər dözməli idik?

Və nəhayət, uzun illərdən bəri gözlədiyimiz gün yetişdi. Azərbaycan Prezidentinin bütün cəbhə boyu əks hücum qərarı bu gecədən gerçəkləşdi. Müdafiə Nazirliyinin məlumatına əsasən artıq işğalda olan kəndlərimiz qüdrətli ordumuzun gücü ilə azad edilir, oğullarımız irəliləyir. Qələbənin yaxında olması şəksizdir. Buna xalqımız inanır və ordumuzun gücünə güvənir. Xalq Prezidentinə, dövlət başçımız da xalqına güvənir.

30 il gözlədiyimiz yetdi. Qələbə bizimlədir! Allah igidlərimizi qorusun!

Dövlətimiz zaval görməsin!

Bayrağımız uca olsun!

Əkbər QOŞALI,
Milli QHT Forumu İdarə Heyətinin üzvü

Mənbə: xalqqazeti.com