Ermənistanın təxribatları cavabsız qalmayacaq

Ermənistanın təxribatları cavabsız qalmayacaq

Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən onun hakimiyyətə gəldiyi ilk gündən etibarən Azərbaycana qarşı həm sözdə, həm də əməldə təxribatlar törədilib. Bununla da Ermənistan – Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə ardıcıl zərbə vurulub və beləliklə, regiondakı gərginliyin ciddi şəkildə artmasına bilərəkdən şərait yaradılıb. Bundan başqa, işğalçı dövlət rəhbərinin təşəbbüsü ilə Ermənistanda “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyənləşdirən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edilib.

Ermənistan bu il iyul ayının 12-16-da Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində daha bir məqsədyönlü təcavüzkar hərəkəti törətdi. Bu silahlı hücum təsadüfi bir hərbi insident olmayıb, Ermənistanın Azərbaycan Respublikasına qarşı qanunsuz güc tətbiqinin növbəti açıq təzahürü kimi diqqət çəkdi və ölkəmizin yeni ərazilərini zəbt etmək məqsədi daşıdı.

Bədxah düşmənin təcavüzü Silahlı Qüvvələrimiz tərəfindən layiqincə cavablandırılmasına baxmayaraq, Ermənistan yenə də növbəti işğalçı siyasətini həyata keçirmək iddiasından əl çəkmir. Bunun üçün hazırlıqlara başladı, külli miqdarda silah və sursat tədarük etdi, qüvvələrini təmas xətti boyunca cəmləşdirdi. Həmçinin Azərbaycana qarşı müharibə aparmaq üçün on minlərlə mülki şəxsdən ibarət hərbi dəstələr yaradıldığını elan etdi.

Bu gün isə Ermənistan ordusu yenidən təxribat törətdi. Lakin hazırda Azərbaycanın silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bu barədə deyib: “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.

Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Sakit HÜSEYNOV,
AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor

Mənbə: xalqqazeti.com