Prezident İlham ƏLİYEV: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Prezident İlham ƏLİYEV: Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Nikol Paşinyan Ermənistanın baş naziri seçiləndən indiyədək daim təxribatçı fəaliyyət göstərib. Belə ki, o, hələ baş nazir seçilməzdən əvvəl, Ermənistanın Parlamentinə müraciətində Azərbaycanın işğal olunmuş ərazilərində qurulan qanunsuz rejimin danışıqlarda iştirak etməsi məsələsini qaldırıb. Belə bəyanatı ilə Paşinyan danışıqların formatını şübhə altına alıb, baş nazir kimi fəaliyyəti dövründə də bunu dəfələrlə təkrarlayıb.

İşğalçı ölkənin rəhbəri baş nazir kimi fəaliyətə başladığı gün, yəni 2018-ci ilin mayın 9-da həyat yoldaşı ilə birlikdə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərə gələrək, Xankəndidə Azərbaycanın Şuşa şəhərinin işğal günü ilə bağlı keçirilən tədbirdə iştirak edib. Eyni zamanda, “düşmənin qarşısının alınması” mexanizminin təkmilləşdirilməsi məsələsinin müzakirəsini aparıb.

Nikol Paşinyanın dəfələrlə işğal olunan Azərbaycan ərazilərinə gələrək, qanunsuz rejim “rəsmiləri” ilə hərbi məsləhətləşmələr aparması, oğlunu özünün dediyi kimi, bir jest olaraq daha çox erməninin orduya cəlb edilməsi məqsədilə Azərbaycanın işğal altındakı ərazilərdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbi xidmətə göndərməsi, ayrı-ayrı vaxtlarda “Artsax Ermənistandır, nöqtə” kimi təcavüz xarakterli şüarlar səsləndirməsi də onun nasizm siyasətinə sadiqliyindən xəbər verir.

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində qeyd etdiyi kimi, Ermənistanın bizə qarşı təxribatları bu faktlarla bitmir: “Bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər”.

Bəli, qüdrətli Azərbaycan Ordusunun ermənilərin indiki təxribatı qarşısında öz sözünü deyəcəyinə mənim heç bir şübhəm yoxdur. Çünki cənab İlham Əliyevin xalqa müraciətində bildirdiyi kimi, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Arzuman MURADLI,
YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq

Mənbə: xalqqazeti.com