"Biz Ordumuzun qalibiyyət əzminə, Dövlətimizin gücünə inanırıq!"

"Biz Ordumuzun qalibiyyət əzminə, Dövlətimizin gücünə inanırıq!"

Bu gün (sentyabrın 27-də saat 06:00 radələrində) Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəyanı zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub . Düşmən öz xain xislətinə sadiq qalaraq Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayıb.

Genişmiqyaslı hücuma keçən düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Biz hesab edirik ki, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və ictimai obyektləri atəşə tutması qəsdən və planlı şəkildə həyata keçirilib. Bu, cəbhəyanı əraziləimizin sakinlərində qorxu hissinin və çaşqınlığın yaranmasına hesablanmış bir addımdır. Lakin biz bəyan edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə zərbələrin endirilməsi, mülki insanların və ictimai obyektlərin iriçaplı silahlardan atəşə tutulması beynəlxalq hüququn bütün prinsiplərinə ziddir və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü, güc tətbiq etmək cəhdidir.

Nikol Paşinyan başda olmaqla Ermənistanın hazırki hərbi-siyasi rəhbərliyi məsuliyyət və reallıq hissini tamamilə itirib. İnqilab (daha doğrusu, siyasi çevriliş) nəticəsində meydandan hakimiyyətə gələn Baş nazir və onun komandası son iki ildə daxili siyasətdə tamamilə uğursuzluğa düçar olmalarının acı nəticələrini məhz Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatlara başlamaqla kompensasiya etməyi qərara alıblar. Heç şübhəsiz ki, yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Lakin Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının və xaincəsinə hücumlarının qarşısını almağa qadirdir və hal-hazırda silahlı qüvələrimiz Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Ordumuz düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edir.

Biz Ordumuzun qalibiyyət əzminə, Dövlətimizin gücünə inanırıq! Ali Baş Komandanımız İlham Əliyevin də bəyan etdiyi kimi "Bu gün Azərbaycan Ordusu öz torpağında

Azərbaycanın ərazi bütövlüyünü qoruyur. Ermənistan əsgərinin bizim torpaqda nə işi var?! Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!”

Milli Həmrəylik Partiyası (MHP) olaraq bütün siyasi qüvvələri birliyə, həmrəy olmağa dəvət edir, hər kəsi Ali Baş Komandanımızın və Ordumuzun yanında olmağa çağırırıq. Bu gün siyasi əqidə fərqlərinin bir kənara qoyulduğu, Xalq-Dövlət və Xalq-Ordu vəhdətinin nümayiş etdirilməli olduğu bir məqamdır.

Bütün hallarda düşmən məğlubiyyətə məhkumdur. Ermənistanı nə hərbi vəziyyət və ümumi səfərbərliyin elan edilməsi, nədəki xarici ölkələrdən gətirilən muzdluların, terrorçuların təpədən dırnağa qədər silahlanması xilas edə bilməz. Ermənistan öz cəzasını alıb və alacaqdır. Biz Azərbaycan Ordusunun bu müharibəni zəfərlə başa vuracağına inanırıq. Çünki Ordumuz haqq işi uğrunda, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşür.

Milli Həmrəylik Partiyası (MHP) olaraq cənab Ali Baş Komandanımızın yanında olduğunu bəyan edir, üçrəngli dövlət Bayrağımızın Xankəndində, Şuşada və işğal edilmiş digər ərazilərimizdə dalğalanması üçün Milli Ordumuza dəstək verməyə və döyüşməyə hazır olduğumuzu bildiririk! Hamımız bir nəfər kimi Qələbəyə köklənmişik!

Əlisahib Hüseynov –

Milli Həmrəylik Partiyasının (MHP) sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı

 

 

Mənbə: moderator.az