Cəbrayılın deputatı rayonun azad edilmiş kəndləri ilə bağlı: “GÖZLƏYİRDİK...”

Cəbrayılın deputatı rayonun azad edilmiş kəndləri ilə bağlı: “GÖZLƏYİRDİK...”

Bu gün səhər saat 06:00 radələrindən başlayaraq, cəbhədə gərgin vəziyyət yaranıb. Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu ərazilərdə yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

 

Ermənistanın intensiv atəşinə cavab olaraq Azərbaycan ordusu bütün cəbhə boyu əks hücuma keçib.

 

Əks hücum nəticəsində Füzuli–Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

 

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin düşməndən azad edilməsinin sevincini bölüşüb.

 

Deputat bu günü hər böyük səbirsizliklə gözlədiyini qeyd edib:

 

“İçimizdə o kəndlərə qayıtmaqla bağlı inam vardı. Şükürlər olsun ki, bu gün hər bir azərbaycanlı, cəbrayıllı böyük sevinc içindədir. Prezident 2016-cı ildə Lələtəpənin azad olunması ilə bağlı bizə böyük sevinc bəxş etmişdi. Bu dəfə isə digər kəndlərin azad olunmasının sevincini yaşatdl. Bütün rayon əhalisi bu günü səbirsizliklə gözləyirdi. Səbirsizliklə gözləyirik, digər kəndlərimiz, eləcə də Qarabağ bütövlükdə azad olunsun və biz o günü Cəbrayılın özündə digər işğal olunmuş rayonlarımızda qeyd edək. Çox sevincli gündür”.

 

Ceyhun Məmmədov Ermənistanın son günlər təxribat xarakterli çıxışlarına da münasibət bildirib:

 

“Son günlər Ermənistanın özünü fərqli aparması, davamlı təxribatlar törətməsi “Qarabağ Ermənistandır!” deməsi hər birimizdə çox böyük hiddət doğurmuşdu. Ermənistan özünü əvvəlki günlərlə müqayisədə çox arxayın aparırdı. Yeni işğallarla bizi hədələyirdi. Yalan məlumatlar ötürməyə çalışırdı. Bu onu göstərdi ki, Azərbaycan ordusu güclüdür və cənab prezidentin həyata keçirtdiyi uğurlu siyasət nəticəsində buna nail olduq. Bu günə kimi həyata keçirilən tədbirlər və atılan addımlar düşünülərək ölçülüb-biçilmişdi. Bu gün elə məqam yetişdi ki, artıq Azərbaycan öz torpağını hücum edərək düşməndən azad etdi. Hər birimiz bu günü gözləyirdik”.

Mənbə: modern.az