Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri: “Sonuna qədər belə olacaq”

Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri: “Sonuna qədər belə olacaq”

“Bu gün Azərbaycanda yaşananlar çox önəmli hadisədir. Ermənistan bir daha sülhün yanında olmadığını göstərdi. Düşünürəm ki, buna qarşı birlikdə addımlarımız böyük önəm daşıyır. Türkiyə hər zaman Azərbaycanın yanındadır”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Tülay Kaynarca bildirib.

 

İşçi qrupunun rəhbərinin sözlərinə görə, Ermənistan Azərbaycana qarşı hər zaman təxribatlar həyata keçirib:

 

“Bölgədə sülhün və sabitliyin önündə həmişə erməni təxribatı diqqət çəkib. Bu gün də eyni təxribatı törətdilər. Düşünürəm ki, bugünkü baş verənlərdə Ermənistan bir daha sülhə ən böyük təhlükə olduğunu ortaya qoydu”.

 

Tülay Kaynarca qeyd edib ki, türk milləti hər zaman olduğu kimi bu gün mövcud imkanları ilə Azərbaycanın yanındadır: “Bu sonuna qədər də bu belə olacaq. Azərbaycan ordusu Ermənistanın təxribatlarına layiqli cavab ortaya qoydu. Digər tərəfdən də isə beynəlxalq toplum hərəkət keçməlidir. 30 ildir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir. Ermənistan beynəlxalq hüquq normalarını pozur. Düşünürəm ki, hər şeyin hüquq çərçivəsində həll edilməsinin zamanı çatıb”.

 

Xatırladaq ki, bu gün səhər saat 06:00 radələrindən başlayaraq, cəbhədə gərgin vəziyyət yaranıb. Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

 

Ermənistanın intensiv atəşinə cavab olaraq Azərbaycan ordusu bütün cəbhə boyu əks hücuma keçib.

 

Əks hAücum nəticəsində Füzuli–Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Mənbə: modern.az