TÜRKİYƏLİ GENERAL: "Bir-iki gün ərzində Ermənistanda cəbhədə savaşacaq əsgər qalmayacaq"

TÜRKİYƏLİ GENERAL: "Bir-iki gün ərzində Ermənistanda cəbhədə savaşacaq əsgər qalmayacaq"

“Bu gün Azərbaycan tarixinin şanlı günüdür. Qısa zamanda 7 kəndin azad edilməsi böyük hərbi uğurdur. Bu, bir daha göstərdi ki, Azərbaycan güclü siyasi rəhbərliyə, sarsılmaz milli birliyə və qüdrətli orduya malikdir”.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı sabiq hərbi attaşesi, briqada generalı Yücel Karauz deyib.

O qeyd edib ki, Türkiyədə minlərlə insan Azərbaycanın mənafeyinə uyğun işğal altındakı torpaqları azad etmək üçün könüllü olaraq mübarizə aparmağa hazırdır: “Türkiyə və Azərbaycan 93 milyonluq bir qüvvədir. Bu gün bütün Anadolu türkünün duaları Azərbaycan xalqı ilədir. Prezidentlərimiz, parlament sədrlərimiz, xarici işlər və müdafiə nazirlərimiz səviyyəsində əlaqələr, danışıqlar davam edir. Türkiyədə minlərlə insan Azərbaycanın mənafeyi uğrunda savaşmağa hazırdır”.

Generalın sözlərinə görə, Ermənistan hər zaman olduğu kimi Azərbaycanın mülki yaşayış məntəqələrinə beynəlxalq hüquqa zidd, qanunsuz hücumlar edib ki, bu, bütün dünyaya izah edilməlidir: “Prezident Rəcəb Tayyib Ərdoğan dünyanı ermənilərin yaratdığı terror fəaliyyətinə cavab olaraq Azərbaycanı dəstəkləməyə çağırdı. Son hadisələr bir daha göstərdi ki, Qafqazda sülhə və sabitliyə mane olan terrorçu Ermənistan hakimiyyətidir. Bütün dünya bunu bilməlidir”.

Y.Karauz onu da bildirib ki, son hücumları ilə Ermənistan hakimiyyəti öz iqtidarına zərbə vurub: “Nikol Paşinyan iqtidarının sonu çatıb. Erməni xalqı Paşinyanı istefaya çağırır. Bir-iki gün ərzində Ermənistanda cəbhədə savaşacaq əsgər qalmayacağını düşünürəm. Ermənistan terrorla yaratdığı qan gölündə özü boğulacaq”.

Ekspert hesab edir ki, Ermənistan onu savaşa sürükləyən qüvvələr vasitəsilə Azərbaycan silahlı qüvvələrinin haqlı mübarizəsini dayandırmağa çalışacaq: “Ona görə də Azərbaycan əsgərinə işğal altındakı bütün torpaqlarını sona qədər almaq əzmində uğurlar arzulayıram.

Cənab İlham Əliyevin də dediyi kimi, Azərbaycan bu mübarizəsində haqlıdır, Qarabağ Azərbaycandır.

Şəhidlərimizi ehtiramla yad edirəm, qəzamız mübarək olsun!”

Mənbə: sherg.az