Ekspert: “Strateji məntəqələrin azad edilməsi gündəmdədir – Murovdağ, Tərtər su anbarı…”

Ekspert: “Strateji məntəqələrin azad edilməsi gündəmdədir – Murovdağ, Tərtər su anbarı…”

Hazırda Azərbaycan cəmiyyətinin cavab tapmaq istədiyi suallardan biri sentyabrın 27-də səhər saatlarından başlanan və işğal altındakı torpaqların bir hissəsinin azad edilməsilə nəticələnən uğurlu əməliyyatların davamlı olub-olmayacağıdır.

Eyni zamanda, Türkiyənin Azərbaycana açıq şəkildə dəstəyini ifadə etməsi cəmiyyətdə daha böyük uğurlara ümid yaradıb.

Turkustan.info bildirir ki, durumu “Bizimyol.info”ya şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, bu əməliyyatı Azərbaycan cəmiyyəti çoxdan gözləyirdi.

 Elxan Şahinoğlu

Ekspertin fikrincə, bu dəfə proses davamlı olacaq: “Hər dəfə əməliyyat başlayırdı, Rusiyadan təzyiq gəlirdi, məsələ bitməmiş qalırdı. Amma bu dəfə qəti qərar verildiyini düşünürəm. Prezident də deyir ki, məsələni yarımçıq yox, birdəfəlik həll etmək lazımdır. Proses məncə, davam edəcək. Artıq bir neçə kənd, yüksəkliklər azad olunub. Prosesi irəli aparmaq lazımdır, dayanmaq olmaz. Uzun illər ərzində hamı anladı ki, danışıqlar nəticə verməyəcək. Ermənistan mərhələli həll planı barədə bizim təklifimizi qəbul edənə qədər dayanmaq olmaz. Çünki Ermənistan öz xoşuyla buna getməyəcək. İtkilər verməlidir ki, razılaşmağa məcbur olsun – qoşunları işğal olunmuş torpaqlardan çıxarsın və Qarabağa Azərbaycanın tərkibində status verilməsilə razılaşsın”.

E.Şahinoğlu vurğulayıb ki, indi Türkiyənin Azərbaycana açıq dəstəyi var və bu, Ermənistanı çox ciddi şəkildə narahat edir. Paşinyanın dünya dövlətlərinə müraciət edərək, Türkiyəni dayandırmaq çağırışı da bundan irəli gəlir. Bundan başqa, sentyabrın 27-də vəziyyət gərginləşəndən dərhal sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı da bununla əlaqədardır.

Ekspert hesab edir ki, sentyabrın 27-də başlanan proses hələ bir neçə gün davam edəcək, daha çox ərazi işğaldan azad olunacaq: “Strateji məntəqələr var ki, onların azad edilməsi gündəmdədir – Murovdağ, Tərtər su anbarı…”

E.Şahinoğlu Rusiyanın açıq şəkildə prosesə müdaxiləsini gözləmir: “Çünki Azərbaycan Rusiyaya hücum etməyib, Ermənistanın işğalı altında olan torpaqlarını azad etməyə çalışır. Amma Rusiya ermənilərə birbaşa kömək etməsə də, hərbi texnika göndərəcək. Yayılan görüntülər də göstərir ki, Dağlıq Qarabağda vurulan hərbi texnika Rusiyaya məxsusdur. Rusiya silah-sursatı Ermənistana ötürüb, oradan da Dağlıq Qarabağa yerləşdirilib. Bu dəstək davam edəcək. Amma prosesə birbaşa müdaxilə edəcəyinə inanmıram. Çünki bu halda, Rusiyanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri gərginləşə bilər. Bu da Rusiyanın maraqlarına cavab vermir. Rusiya heç vaxt istəməyib ki, Azərbaycan Ermənistan üzərində qələbə qazansın. Amma indi bölgədə şərtlər də dəyişib. Azərbaycan bölgənin açar dövlətidir. Bütün boru xətləri buradan keçir. Yaxın müddətdə Azərbaycan qazı Avropaya da çatacaq. Rusiya Ermənistana hərbi texnika vasitəsilə dəstək versə də, bizim də öz tərəfdaşlarımız var”.

Ekspert Azərbaycana beynəlxalq təzyiqlərin olacağını istisna etmir. Amma Türkiyənin dəstəyilə beynəlxalq təzyiqlər qarşısında duruş gətirməyin mümkünlüyünü vurğulayır: “Zənglər də, təzyiq də olacaq. Önəmli olan isə o təzyiqlər qarşısında davam gətirməkdir. Biz tək olmadığımıza, siyasi mənada Türkiyə ilə birgə hərəkət etdiyimizə görə təzyiqlərə tab gətirə bilərik. İstədiyimiz nəticəni əldə edə bilərik”.

E.Şahinoğlu beş ətraf rayonun verilməsilə bağlı müzakirələri şərh edərkən bildirib ki, bu məsələnin ortaya aıtlmasıl hiylədir: “Bununla diqqəti yayındırmaq istəyirlər. Şuşa, Laçın, Kəlbəcər necə olsun bəs? Ruslar istəyir ki, Dağlıq Qarabağa “müstəqillik” verilsin. Bu da bizim maraqlarımıza cavab vermir. O 5 rayonu özümüz hərbi yolla azad etsək, bundan sonra ermənilər güzəştə razı olacaqlar. Yoxsa bu, danışıqlar yoluyla həll olunası məsələ deyil. Lavrovun dediyi bizim maraqlarımıza ziddir”.

 

 

Mənbə: turkustan.info