Avstraliya KİV-ləri Ermənistanın növbəti təxribatından yazdı

Avstraliya KİV-ləri Ermənistanın növbəti təxribatından yazdı

Avstraliya kütləvi-informasiya vasitələri sentyabrın 27-də Ermənistan ordusunun Azərbaycana qarşı növbəti təxribatı və ordumuzun əks-hücuma keçərək işğal altında olan ərazilərdə apardığı hərbi əməliyyatlar barədə çoxsaylı məlumatlar yayıblar.

Redaktor.az xəbər verir ki, “SBS news”, “ABC net” və “The Sydney Morning Herald” nəşrlərində Ermənistan ordusunun növbəti təxribatı nəticəsində Dağlıq Qarabağ regionuna görə Azərbaycanla qarşıdurmanın növbəti dəfə gərginləşdiyi barədə məlumat verilib.

Vurğulanır ki, bu, 2016-cı ildən bəri cəbhədə tərəflər arasında müşahidə edilən ən böyük qarşıdurmadır.

Məqalələrdə münaqişənin gərginləşməsi ilə bağlı Türkiyə rəsmilərinin tutduğu mövqeyə, verdikləri bəyanatlara xüsusi diqqət yetirilir. Türkiyənin Müdafiə Naziri Hulusi Akarın sözləri sitat gətirilir: “Biz bütün mümkün olan vasitələrlə öz ərazilərinin bütövlüyünü qorumağa çalışan azərbaycanlı qardaşlarımızı müdafiə edəcəyik”.

Məqalələrdə münaqişənin tarixi barədə də məlumat verilir, qeyd edilir ki, artıq 30 ildən çox bir müddətdə davam edən münaqişə nəticəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və onun ətrafında yerləşən yeddi rayonu işğal edib.

Münaqişədə Ankaranın sıx mədəni və dil birliyinə malik olduğu Bakını sıx şəkildə müdafiə etdiyi xüsusi vurğulanır. Qeyd edilir ki, məhz bu münaqişəyə və Osmanlı imperiyası dövründə ermənilərin kütləvi qətli barədə Ermənistanın əsassız iddialarına görə Ankara Yerevanla diplomatik münasibətlər yaratmaqdan imtina edir.

H.Akarın sözləri növbəti dəfə sitat gətirilərək bildirilir: “Qafqazda sülhün və sabitliyin yolunda duran ən böyük əngəl Ermənistanın işğalçı siyasətidir. Ermənistan regionda yanğına səbəb ola biləcək bu siyasətindən əl çəkməlidir”.

Məqalələrdə Türkiyə Prezidentinin müşaviri İbrahim Kalının da bu qarşıdurmada Ermənistanın təqsirli olması barədə fikirlərinə yer verilib. Şəxsi “Twitter” səhifəsində son qarşıdurmanı kəskin qınayan İ.Kalın bildirib: ”Ermənistan növbəti dəfə beynəlxalq hüququ pozaraq, regionda sülhün və sabitliyin mövcudluğunda maraqlı olmadığını göstərdi”. İ.Kalın beynəlxalq ictimaiyyəti bu təhlükəli təxribatı dayandırması üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

“Azərbaycan tək deyil. O, Türkiyənin tam dəstəyinə arxayın ola bilər”, - deyə İ.Kalın vurğulayıb.

Yazılarda Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycanı daha geniş şəkildə dəstəkləyən bəyanatına da yer verilib. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Serqey Lavrovla münaqişəni bazar günü baş tutan telefon danışığı zamanı müzakirə etdiyi barədə də məqalələrdə məlumat yer alıb. //Azərtac

 

Mənbə: redaktor.az