Milli Qəhrəman Vahid Quliyev: Ermənistanın iqtisadi, hərbi potensialı Azərbaycan Ordusu qarşısında duruş gətirməyə imkan vermir

Milli Qəhrəman Vahid Quliyev: Ermənistanın iqtisadi, hərbi potensialı Azərbaycan Ordusu qarşısında duruş gətirməyə imkan vermir

Bakı, 28 sentyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC

Ermənistan sistemli şəkildə cəbhə bölgəsində təxribatlar törədir. Təbii ki, Ermənistan bu təxribatları özbaşına yox, havadarlarının dəstəyi ilə həyata keçirir. Bilirik ki, Ermənistanda ciddi siyasi-iqtisadi böhran var. Əhali tez-tez mitinqlər keçirir, hökumət əleyhinə çıxışlar edir. Ermənistan rəhbərliyi məhz bu etirazların qarşısını almaq, xalqın diqqətini əsas problemlərdən yayındırmaq və başqa istiqamətə yönəltmək məqsədilə bu cür təxribat xarakterli hücumlara əl atır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib.

Milli Qəhrəman bildirib ki, Azərbaycan Ordusu hər dəfə Ermənistanın təxribatlarına sərt cavab verib, düşmənə sarsıdıcı zərbələr vurub. Lakin bu dəfə düşmənin genişmiqyaslı təxribatlarına qarşı ordumuz təmas xəttinin bütün istiqamətlərində əks-həmlə əməliyyatı həyata keçirir. İnşallah, bu, həlledici döyüş olacaq. Azərbaycan Ordusu bu dəfə Ermənistan təxribatçılarını son mənzilinə qədər qovacaq və torpaqlarımızı tezliklə işğaldan azad edəcək. Bu gün Azərbaycan Ordusu 1990-cı illərin əvvəllərindəki ordu deyil. Bu gün ən müasir silahlarla təchiz olunan Azərbaycan Silahlı Qüvvələri tam peşəkar ordudur. Azərbaycan Ordusunu əhval-ruhiyyəsi, döyüş ruhu, qələbə əzmi yüksək səviyyədədir.

“Azərbaycan gəncləri ordu sıralarına qoşulmaq üçün böyük həvəs və coşqu ilə aidiyyəti qurumlara müraciət edirlər. Biz görürük ki, Ermənistan uzunmüddətli müharibəyə hazırlaşır. Təbii ki, Ermənistanın nə iqtisadi, nə də hərbi potensialı Azərbaycan Ordusu qarşısında duruş gətirməyə imkan vermir. Düşmənin bu təxribatının da qarşısını qısa müddətdə alan Azərbaycan Ordusu, əminəm ki, işğal altındakı torpaqlarımızı azad edəcək və tezliklə xalqımızı qələbə xəbəri ilə sevindirəcək. Biz bu günü səbirsizliklə gözləyirik”, - deyə Milli Qəhrəman Vahid Quliyev qeyd edib.

Mənbə: azertag.az