Ermənistan ordusunda əsgər problemini son təcavüz olayları da təsdiqlədi – Paşinyan ümumi səfərbərliyə getməyə məcbur oldu…

Ermənistan ordusunda əsgər problemini son təcavüz olayları da təsdiqlədi – Paşinyan ümumi səfərbərliyə getməyə məcbur oldu…

Rasim İsgəndərov: “Erməni gəncləri hərbi xidmətdən yayınıb ölkəni tərk etdikləri üçün orduya yaşı 50-dən yuxarı olanlar çağırılır”

Azərbaycan Silahlı Qüvvələrinin zərbələri nəticəsində böyük itkilər verən Ermənistan hökuməti artıq 60 yaşlıları orduya çağırır.

“RİA Novosti” agentliyinin yaydığı məlumatda qeyd olunur ki, erməni hərbi birləşmələri növbəti təxribatlar törədərək, təmas xəttinin Ağdərə, Tərtər, Xocavənd və Füzuli rayonları istiqamətində Azərbaycan mövqelərinə həmlə edir, dinc sakinləri, yaşayış məntəqələrini atəşə tuturlar. Qeyd edək ki, ordumuz düşmən təxribatına layiqli cavab verir, ermənilər ciddi itkilər verirlər.

Onu da bildirək ki, Ermənistan ordusunda döyüşçü probleminin yaşanmasını erməni mətbuatı da təsdiqləyir. Nəzərə almaq lazımdır ki, Ermənistanda səfərbərlik elan olunub. Yaşından asılı olmayaraq, hər kəsi döyüşə çağırırlar. Bu isə o deməkdir ki, Ermənistan ordusunda döyüşmək üçün əsgər yoxdur.

“Ermənistan hərbi birləşmələrində canlı qüvvə ilə bağlı yaranan problemin kökündə…”

Hərbi ekspert Rasim İsgəndorov bildirdi ki, Ermənistan ordusunda şəxsi heyətin tam komplektləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur. Artıq ermənilər bu problemi gizlədə bilmirlər: “Bir müddət əvvəl Ermənistan ordusu 40 yaşa qədər şəxsləri artilleriyaçı, mühəndis- istehkamçı, sınayper, qumbaraatan, pulemyotçu və digər vəzifələrə xidmətə cəlb etmək üçün elan vermişdi. Müraciətdə muzdluların işğal olunmuş Azərbaycan ərazilərində, yəni Dağlıq Qarabağda xidmət keçəcəkləri bildirilirdi. Onlara həvəsləndirici imtiyazlar da vəd edilirdi”.

Həmsöhbətimizin sözlərinə görə, Ermənistan hərbi birləşmələrində canlı qüvvə ilə bağlı yaranan problemin kökündə minlərlə erməninin ordu sıralarında xidmətdən boyun qaçırması dayanır: "Erməni gəncləri hərbi xidmətdən yayınıb ölkəni tərk etdikləri üçün, orduya yaşı 50-dən yuxarı olanlar çağırılır. Onlarda gənclər döyüşdən yayınmaq üçün ölkəni tərk ediblər. Ancaq bizdə isə yüzlərlə yox, minlərlə gənc könüllü şəkildə döyüşə getmək üçün orduya yazılmaq arzusundadır”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com