Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında törədilən hərbi cinayətlərə görə məsuliyyət daşıyır

Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında törədilən hərbi cinayətlərə görə məsuliyyət daşıyır

Bakı, 28 sentyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. İşğalçı Ermənistan dövləti tərəfindən mülki əhalinin hədəf seçilməsi ilk hal deyil.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə deyib. O bildirib ki, müharibə zamanı mülki şəxslərin müdafiəsi Azərbaycan və Ermənistanın da qoşulduğu 1949-cu il Cenevrə konvensiyaları, xüsusilə IV Cenevrə Konvensiyası və bu Konvensiyaya 1977-ci il tarixli 1 saylı Əlavə Protokolla tənzimlənir: “30 ilə yaxındır Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Azərbaycan torpaqlarının işğalı nəticəsində dinc sakinlərimiz Ermənistan silahlı qüvvələrinin hədəfinə çevrilib. İşğal olunmuş ərazilərdə bir milyon azərbaycanlı etnik təmizlənməyə məruz qalıb”.

Professor Aytən Mustafazadə qeyd edib ki, Ermənistan beynəlxalq hüquq normalarına zidd olaraq işğal etdiyi Azərbaycan torpaqlarına Livan ermənilərini köçürüb.

Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərində etnik tərkibin dəyişdirilməsinə yönəlib və bu, hərbi cinayət hesab olunur. Bu cinayətin törədilməsinə görə Ermənistan dövləti məsuliyyət daşıyır. İşğal olunan ərazilərdə işğalçı dövlət tərəfindən məskunlaşma siyasətinin aparılması beynəlxalq hüquqa əsasən hərbi cinayətdir.

Beynəlxalq sənədlərə əsasən, işğal olunan ərazilərin sosial, demoqrafik və iqtisadi strukturuna daimi dəyişikliklər edilməsi yolverilməzdir. “İşğal ərazilərində yaşayış məntəqələrinin yaradılmasına, genişləndirilməsinə və ya möhkəmləndirilməsinə yönələn istənilən hərəkət, habelə bu ərazilərə əhalinin köçürülməsi qanunsuzdur və 1949-cu il Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq humanitar hüquq normalarının ciddi pozuntusudur. İşğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma siyasəti aparmaqla, Ermənistan təkcə beynəlxalq humanitar hüquq normalarını pozmur, həm də azərbaycanlı əhalinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası ilə qorunan hüquq və azadlıqlarına, mülkiyyət hüququna, o cümlədən iqtisadi, sosial və mədəni hüquqlarına qəsd edir. Halbuki hər hansı ərazinin işğal edilməsi faktı işğalçı dövləti beynəlxalq hüquqdan kənara qoymur, əksinə onu işğal faktından irəli gələn əlavə beynəlxalq hüquqi öhdəliklərlə yüklü edir. İşğalçı dövlət beynəlxalq humanitar hüquq normalarına əlavə olaraq, işğal etdiyi ərazilərdə insan hüquqları haqqında beynəlxalq normalara da hörmət olunmasını təmin etməlidir”.

Alim vurğulayıb ki, işğal olunan Azərbaycan torpaqlarında törədilən bütün hərbi cinayətlərə, o cümlədən ərazilərimizin etnik tərkibinin dəyişdirilməsinə görə məsuliyyətin daşıyıcısı Ermənistan dövlətidir. Beynəlxalq hüquq ərazi işğal edən dövləti həmin ərazidə beynəlxalq hüquq normalarının pozulmasına görə tam məsul görür. Belə ki, hərbi işğal zamanı işğalçı dövlət suverenlik hüququ ötürülmədən, faktiki olaraq qanuni hakimiyyəti əvəz edir və işğal etdiyi ərazi üzərində mütləq hərbi hakimiyyətə malik olur. Ermənistan dövləti də Azərbaycan torpaqlarını işğal etdiyindən, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin müəyyən etdiyi kimi, münaqişənin ilk günündən işğal ərazilərində “effektiv nəzarəti” həyata keçirdiyindən məhz o, bu ərazilərdə beynəlxalq hüquq normalarının pozulmasına görə tam cavabdehlik daşıyır.

Aytən Mustafazadə diqqətə çatdırıb ki, Hüquq və İnsan Haqları İnstitutu elmi-praktik fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyası, İnsan Hüquqları üzrə Avropa Konvensiyası, insan hüquqları haqqında beynəlxalq sənədlərdə təsbit olunmuş siyasi, mülki, iqtisadi, sosial və mədəni hüquqları öyrənir, bu sahədə beynəlxalq və milli tarixi təcrübələri tədqiq edir, insan hüquqları sahəsində elmi tövsiyələr hazırlayır. İnstitutun mütəxəssisləri son zamanlar daha da intensivləşən hadisələrə, Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi, həmin ərazilərin etnik tərkibinin dəyişdirilməsinə yönələn və hərbi cinayət hesab olunan əməllərə görə Ermənistan dövlətinin məsuliyyət daşıması ilə bağlı ekspert rəyi hazırlayıb və onu Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, diplomatik nümayəndəliklərinə göndərib.

“Beynəlxalq ictimaiyyət Ermənistanı işğalçılıq siyasətinə son qoymağa çağırmalıdır. Ermənistan işğalçı mövqeyinə son qoymalıdır. Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etmək üçün əlindən gələni edir. Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub və bu gün ölkədə qismən səfərbərlik elan edilib. Biz beynəlxalq hüquqdan istifadə edirik, amma Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını heçə sayır”, – deyə professor Aytən Mustafazadə qeyd edib.

Mənbə: azertag.az