Ermənistanın son təcavüzünə həmsədr ölkələrin rəsmi reaksiyası yetərli sayıla bilərmi...

Ermənistanın son təcavüzünə həmsədr ölkələrin rəsmi reaksiyası yetərli sayıla bilərmi...

Əli Orucov: “Həmsədrlər Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməkdənsə, ümumi fikirlər səsləndirirlər”

Məlum olduğu kimi, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutur. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib.

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Nəticədə uzun illər işğal altında olan bir sıra yaşayış məntəqələri azad edilib.

Ermənistanın məlum təcavüzündən sonra yaranan gərginliklə əlaqədar olaraq, hər zaman olduğu kimi, ATƏT-in Minsk Qrupu həmsədrləri ənənələrinə sadiq qalaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıblar. Bəyanatda həmsədrlər tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa və münaqişənin davamlı həll yollarını tapmaq üçün danışıqları bərpa etməyə çağırıblar.

O cümlədən, həmsədr ölkələr ayrı-ayrılıqda bəyanat verərək tərəfləri sülhə səsləyiblər. İlk əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq tərəfləri atəşi dayandırmağa çağırıb. Daha sonra Fransa XİN-i analoji bəyanat qəbul edib. Ən nəhayət, ABŞ Dövlət Departamenti də cəbhədəki gərginliyin artması ilə bağlı bəyanat yayıb. Sözügedən bəyanat da digər iki həmsədrin bəyanatından elə də fərqlənməyib.

Bütün bu deyilənlərlə yanaşı, ümumilikdə, Ermənistanın son təcavüzünə həmsədr ölkələrin rəsmi reaksiyası yetərli sayıla bilərmi?

Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, həmsədrlərin sözügedən məsələ ilə bağlı məlum reaksiyaları yetərli sayıla bilməz: “Məsələ ondadır ki, yenə də həmsədr ölkələr işğalçı ilə işğala məruz qalan ölkəyə fərq qoymadılar. Ümumi yanaşma nümayiş etdirərək atəşkəsin bərpa olunmasını istədilər. Hansı ki, bənzər yanaşmanı əvvəlki dövrlərdə də göstəriblər. Yəni hərbi eskalasiya baş verəndə tərəfləri atəşkəsə çağırıblar. Baxmayaraq ki, 30 ildir Ermənistan işğal olunmuş əraziləri boşaltmır. Əksinə, yeni ərazilər işğal etməyə cəhd göstərir. Tovuz döyüşləri buna bariz nümunə idi. Həmsədrlər Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməkdənsə, ümumi fikirlər səsləndirirlər. Halbuki, Ermənistan sentyabrın 27-dən başlayaraq mülki şəxsləri və obyektləri hədəfə alıb. Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə dəfə danışıqlarla bağlı provokativ xarakterli fikirlər səsləndirdi, amma bir dəfə olsun həmsədrlərdən biri buna etiraz etmədi. Etiraz etmədikcə də onun həyasız açıqlamaları davam etdi. Ona görə də belə vəziyyət yarandı. Həmsədrlərdən ən çox canfəşanlıq edən Rusiyadır. Rusiya hərbi əməliyyatlardan bu qədər narahatdırsa, o zaman vaxtında təcavüzkar Ermənistanı cilovlamaq üçün hansısa addımlar atardı. Özü də buna yetərli imkanı da var. Bunu etmək əvəzinə, əksinə, Rusiya Ermənistanı silahlandırır”.

Partiya funksioneri hesab edir ki, həmsədrlərin nə cür reaksiya verməsindən asılı olmayaraq, Azərbaycan torpaqları azad etməlidir.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com