“Hərbi əməliyyatların yenidən diplomatik yolla dayandırılmasına getmək olmaz” - AÇIQLAMA

“Hərbi əməliyyatların yenidən diplomatik yolla dayandırılmasına getmək olmaz” - AÇIQLAMA

“Ermənistan rəhbərliyi bütün danışıqları pozur, özünü qanmazlığa vururdu”.

Bunu KONKRET.az-a danışan deputat Sabir Rüstəmxanlı bildirib.

Deputat qeyd edib ki, ATƏT-in Minsk Qrupu son illər özünü çox ləyaqətsiz aparırdı: “Bu qurum Azərbaycanı iki münasibətlə aldatmağa çalışırdı. Bakı-İrəvan arasında kəndirbazlıq edərək məsələnin həllini uzatmağa çalşırdı. Onlar çalışırdılar ki, işğal olunmuş torpaqlarımız unudulsun. Bizim oradan gələn qaçqın və məcburi köçkünlərimiz ölüb qurtarsın. Onlar öləndən sonra oraya heç kim qayıtmayacağını düşünürlər. Ermənistan son günlər hətta bizi əlavə torpaqlarımızı işğal etməklə hədələyirdi. Bu istiqamətdə də müəyyən addımlar da atmışdı. Bizim kəndlərimiz mütəmadı olaraq atəşə tutulurdu.

Ona görə də sentyabrın 27-də Ermənistanın sonuncu təxribatı nəticəsində bizim dinc əhali və yaşayış obyektləri atəşə tutulan zaman ordumuzun əks hücuma keçməkdən başqa yolu qalmadı. Elə ilk gündən bəlli oldu ki, ermənilərin “azərbaycanlıları dənizə tökəcəyik” kimi bəyanatları tamamilə əsasızdır. Murov istiqamətindən başlayaraq Araz sahillərinə qədər bütün cəbhəboyu Azərbaycan ordusu düşmənin atəş nöqtələrini susdura-susdura irəliləyir, 7 kənd, Murov yüksəkliyi və Talış kəndi ətrafında bir neçə yüksəklik düşməndən azad edilib. Ağdərədə də müəyyən yüksəkliklər ələ keçirilsə, Ağdərə-Kəlbəcər yolu və Ağdərə çevrəsi boşaldılır. İllərdir ki, Ermənistanın başını sığallayan qüvvələr hərbi əməliyyatları yenidən diplomatik yolla dayandırmağa çalışacaq, Rusiyadan və digər Avropa dövlətlərdən zənglər gələcək. Bizi danışıqlar masasına dəvət edəcəklər. Danışıqlar masasının nə qədər saxta olduğunu bilirik. Ona görə də hesab edirəm Azərbaycan ordusu hücumlarını davam etdirməlidir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Mənbə: konkret.az