“30 ildir ki, beynəlxalq təşkilatlar lal və kar olub” – Müsahibə

“30 ildir ki, beynəlxalq təşkilatlar lal və kar olub” – Müsahibə

Siyasi şərhçi Azər Rəşidoğlu Yenisabah.az-ın suallarını cavablandırır.

- Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq əsk-hücum əməliyyatına başlayıb. Son iki gündə ölkədə və cəbhə bölgəsində baş verənləri necə dəyərləndirisiniz?

- Azərbaycanın əks-hücuma keçməsini ölkə vətəndaşlarının böyük əksəriyyəti alqışladı. Xalq 30 ilin əzici sülhündən boğaza yığılıb. Bu məsələdə iqtidar – müxalifət yoxdur. Hər kəs ordunun yanındadır. Cəbhədəki son uğurlar nəticəsində insanlarda bir ruh yüksəkliyi yaranıb. İndi başlıca məqsədimiz bu ruh yüksəkliyini saxlamaqdır. Döyüşlər davam edərsə və uğurlarımız çoxalarsa, ruh yüksəkliyi daha da artar. İnsanımız qələbəyə təşnədir. Odur ki, yarımçıq dayanmaq olmaz.

Hər bir vətəndaş Azərbaycan Ordusunun yanında olduğunu açıq bəyan edir. Hər kəs əks-hücumun davam etməsini istəyir. Düşmən tam məğlub olana qədər əks-hücum və torpaqların işğaldan azad edilməsi davam etməlidir. Lakin unutmaq olmaz ki, hər bir savaşın sonu danışıqlar prosesidir. Qələbəmizə əminəm. Lakin heç bir halda rus qoşunları sülməramlı adı ilə Qarabağa qayıda bilməz. Xalq buna razı olmaz. Kimlərsə sülh danışıqlarının bərpası zamanı sülhməramlı adı ilə rus hərbiçilərinin Qarabağa qayıdacağını düşünürsə, yanılır. Bu, mümkün olmayacaq. Bir sözlə, Rusiya XİN rəhbəri Sergey Lavrovun planı alına bilməz. Bunu hər kəs anlamalıdır.

- Beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələr tərəfləri döyüşləri dayadırmağa çağırır. Sizcə, bu bəyanatlar nəzərə alınmalıdırmı?

- 30 ildir ki, beynəlxalq təşkilatlar lal və kar olub, ermənilərin beynəlxalq hüquqa hörmətsizliyini görməzdən gəlir. Mülkü vətəndaşlarımızın qətl edilməsi, onların cəsədlərinin təhqir edilməsi, mülki əhalinin işgəncələrə məruz qoyulması kimi hallar nə insanlıq, nə də beynəlxalq humanitar normalarla bir araya sığmayan iyrənc əməllərdir. Niyə beynəlxalq təşkilatlar bunu görmür? Əsir və girov götürülən şəxslərin əksəriyyətinin Ermənistanın birbaşa nəzarəti altında insan alverinin qurbanına çevrildiyi, onların bəzilərinin bədən orqanlarının transplantasiya edilərək satıldığı, şəxsiyyətləri və ləyaqətlərinin alçaldıldığı artıq sübuta yetirilib. Haradır beynəlxalq təşkilatlar? Ermənistan müharibə çərçivəsində soyqırımı həyata keçirir, haradadır beynəlxalq təşkilarlar? Azərbaycan beynəlxalq ictimaiyyətin susqunluğu fonunda Ermənistanın cinayətkar əməllərinə qarşı cavab tədbirləri görməyə məcburdur. Azərbaycanın beynəlxalq hüquqa əməl edərək, öz vətəndaşlarının təhlükəsizliyini qorumağa haqqı və hüququ var. Təcavüzkar Ermənistanı susdurmağın başqa yolu yoxdur.

- Ermənistan dünya birliyini inandırmağa çalışır ki, baş verənlərə görə Azərbaycan məsuliyyət daşıyır. Rəsmi Bakının buna yönəlik addımları qanedicirmi? İndiki vəziyyətdə erməni təbliğatına qarşı daha hansı addımlar atılmalıdır?

- Erməni təbliğatını puça çıxartmağın bir yolu var – ordumuz cəbhədə qələbə qazansın. Qalibləri mühakimə etmirlər. Ərdoğan Suriya və Liviya böhranında bu formulun necə dəqiq işlədiyini sübuta yetirdi. İndi nə erməni lobbisi barədə, nə də onun himayədarları barədə düşünmək lazımdır. 30 ildir ki, işğalla barışmışıq. Artıq bıçaq sümüyə dirənib. Öz sözümüzü deməliyik. Ondan sonra hər kəs bizimlə dost olmağa çalışacaq. Onu da vurğulayım ki, hərbi əməliyyatlarla yanaşı diplomatik müstəvidə də işləməliyik.

Ümumiyyətlə, belə təəssürat yaranır ki, sanki bütün komandanın yükü Prezidentin köməkçisi Hikmət Hacıyevin üzərindəir. Ümumiyyətlə, son zamanlar Hikmət Hacıyev diqqəti çəkir. Demokratik fikirli, açıq görüşlü, xarizmalı, kommunikabelli, tənqidə dözümlü bir şəxsdir. Tənqidə açıqdır. Problemləri həll etməyi bacarır. Cəmiyyətdə gərginliyin qarşısını almaq istəyir. Gözəl natiqdir, fikrini çatdıra bilir. Mətbuatla yaxşı işləyir. Düşünürəm ki, Eldar Namazovdan sonra Hikmət bəy yeganə köməkçidir ki, cəmiyyətdə bu qədər rəğbətə malikdir. Onun diplomatlarla işi də müsbətdir. Bu sahədə ona yardım edilməlidir.

- Sosial şəbəkələrin Azərbaycan seqmentində pasifist çağırışlara da rast gəlinir. Sizcə, Qarabağ kontekstində müharibə əleyhinə çıxanlar haqlıdırlarmı?

- Müharibənin öz qanunları var. Heç kəs istəməz ki, insanlar ölsün. Lakin çıxış yolu qalmayanda buna məcbur oluruq. Pafoslu səslənsə də, Azərbaycan torpağı qan istəyir, azadlıq istəyir, işğaldan azad olmaq istəyir. 30 il alçaldıcı sülh şəraitində yaşadıq, xeyri olmadı. Biz heç kəsin torpağına hücum etmirik. Biz əks hücumla, öz vətəndaşımızı müdafiə edirik. O ki qaldı belə fikirlərə. Hər cəmiyyətdə belə insanlar olur. Onlara ciddi fikir vermək lazım deyil. Əksəriyyət, torpaqlarımızın azad edilməsini istəyir. Əsas olan budur.

Mənbə: yenisabah.az