BƏƏ-nin azərbaycanlı icması Ermənistanın son hərbi təxribatları ilə bağlı bəyanat verib

BƏƏ-nin azərbaycanlı icması Ermənistanın son hərbi təxribatları ilə bağlı bəyanat verib

Qahirə, 28 sentyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən azərbaycanlı icması işğalçı Ermənistanın son hərbi təxribatları ilə bağlı bəyanat yayıb.

İcmanın üzvü, Əbu-Dabi Universitetinin müəllimi, şərqşünas alim Şəhrizad Süleymanın AZƏRTAC-a verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar işğalçı Ermənistanın silahlı qüvvələrinin vəziyyəti yenidən gərginləşdirməsi ilə əlaqədar BƏƏ-dəki yerli və xarici qurumlara, eləcə də kütləvi informasiya vasitələrinə bəyanat ünvanlayıblar.

Bəyanatda qeyd olunub ki, BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi vaxtda özünün təcavüzkar hərəkətləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə zidd münasibət və beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirən Ermənistanın silahlı qüvvələri növbəti dəfə təxribatlar törədərək Ağdam, Füzuli, Cəbrayıl, Tərtər istiqamətlərində Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Atəşkəs rejimini kobud şəkildə pozan erməni silahlı birləşmələri iriçaplı silahlar, minaatanlar, müxtəlif növ ağır artilleriya qurğularından istifadə etməklə Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərinə və yaşayış məntəqələrinə qəfildən hücum edib. Mülki əhali, hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çox sayda evə, infrastruktura, obyektə ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə Azərbaycanın mövqelərinə, mülki əhaliyə amansız hərbi hücumu qonşu dövlətin açıq-aşkar işğalçı siyasətinin növbəti təzahürü və qəsdən törədilən təxribatıdır.

İşğalçı Ermənistan dövlətinin Azərbaycanın mülki əhalisinə, yaşayış məntəqələrinə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarının və İnsan hüquqlarının müdafiəsi, eləcə də fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib. Faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Məqsəd danışıqları imitasiya üçün aparmaq, yəni, vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirməkdir. Bununla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistanın Dağlıq Qarabağ və ətraf 7 rayonda qeyri-qanuni fəaliyyəti, xüsusilə qanunsuz məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir.

Bəyanatda 1990-cı ilin əvvəllərindən Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və bir milyondan çox insanın ata-baba torpaqlarından didərgin düşdüyü qeyd olunur.

Bildirilir ki, Azərbaycan xalqı münaqişənin sülh yolu ilə həllinə, hər iki xalqın dinc, yanaşı yaşamasına tərəfdardır. Lakin bütün cəhdlərə baxmayaraq, Ermənistan tərəfi danışıqlardan boyun qaçırır və müharibə təhlükəsini alovlandırmağa çalışır. Ermənistan prezidentinin və baş nazirinin müxtəlif vaxtlarda Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmələri, burada müxtəlif tədbirlərin, andiçmə mərasiminin, hərbi təlimlərin keçirilməsi beynəlxalq hüquq və danışıqlar prosesi ilə ziddiyyət təşkil edən əməllərdən xəbər verir. Bütün bunlarla yanaşı, Azərbaycan, həmçinin öz ərazilərini azad etmək və xalqının təhlükəsizliyini təmin etmək hüququna malikdir. Buna görə də Ermənistan xalqı və hökuməti başa düşməlidir ki, Azərbaycan Ordusu istənilən hərbi təxribatın, qəfil hücumun qarşısını almağa qadirdir və istənilən təxribata qətiyyətlə cavab veriləcək. Regionda sülh və təhlükəsizlik prinsiplərinin pozulmasına, Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməməsinə münasibət bildirməli olan nüfuzlu təşkilatların susqunluğu, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edən qurumların laqeydliyi fonunda işğalçı siyasətini daha da gücləndirmək yolunu tutan Ermənistanın əvvəllər olduğu kimi, cəbhə xəttində yenidən təxribatlar törədəcəyi əslində gözlənilən idi. Bu baxımdan baş verən son hadisə bir daha göstərdi ki, Ermənistan hakimiyyəti sülh danışıqlarının aparılmasında əsla maraqlı deyil. Ermənistan rəhbərliyinin növbəti hərbi təxribatı onun sülhə və regionun təhlükəsizliyinə düşmən kəsildiyini bir daha əyani şəkildə sübuta yetirir. BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək haqqında çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhdidə çevrilib.

Mənbə: azertag.az