Qələbələrimiz xalqın ruh yüksəkliyinin səbəbidir - Üzeyir Cəfərov

Qələbələrimiz xalqın ruh yüksəkliyinin səbəbidir -  Üzeyir Cəfərov

“Biz Qarabağ müharibəsinin ilk günlərindən xalq-ordu birliyinin şahidi olmuşuq. Son vaxtlar isə bu birlik bir qədər də artdı. Bu, çox yaxşı haldır”.

Bu sözləri Publika.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, qələbələrimiz xalqın ruh yüksəkliyinin səbəbidir: “Ordu tam vəziyyətdə hazırdır. Xalqın haqq tələbi, müharibəyə hazırlıq dərəcəsi və dövlətə inamı ruh yüksəkliyinə bağlıdır. İndi müharibə vəziyyəti olduğu üçün qismən səfərbərlik elan edilib. Əgər ehtiyac yaranarsa bu, tam səfərbərliklə əvəz olunacaq. Düşünürəm ki, heç ona ehtiyac olmayacaq. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin imkanları kifayət qədərdir ki, düşmənin o həyasızlığının qarşısını alaq. Düşmən bütün əndazəni aşıb və mümkün olmayan məsələləri gündəmə gətirib. Azərbaycan da düşmənin bu təxribatlarının qarşısını alıb, əks-hücum əməliyyatı həyata keçirir. İnanıram ki, tezliklə bu bəladan xilas olacağıq. Azərbaycan xalqı öz ordusuna inanır, xalqımız ordusu ilə fəxr edir. Dünənki nəticə çox gözəl nəticə idi”.

Ü.Cəfərov qeyd edib ki, qısa müddətdə 7 kəndin, əhəmiyyətli yüksəkliklərin işğaldan azad olunması qürurverici haldır: “İnanıram ki, ordumuz Azərbaycan xalqını digər uğurları ilə sevindirəcək. Bizim yeganə məqsədimiz Qarabağı işğaldan azad etməkdir. Bu istiqamətdə də xalqla ordu əlindən gələni edir. Xalqdan yeganə istəyimiz odur ki, mənəvi dəstək olsunlar, elan olunan komendant saatı müddətində intizamlı olaraq qaydalara əməl etsinlər. Digərlərini Azərbaycan əsgəri edəcək. Bu, yağı düşmən və ona havadarlıq edənlərlə müharibədir. Bu torpaq, ərazi bizimdir. Azərbaycan da lazım olanı edir və edəcək. Ordumuza uğurlar arzulayıram”.

Mənbə: publika.az