“The Baltic Course” internet jurnalında Hikmət Hacıyevin bəyanatı dərc edilib

“The Baltic Course” internet jurnalında Hikmət Hacıyevin bəyanatı dərc edilib

Bakı, 28 sentyabr, AZƏRTAC

“The Baltic Course” biznes jurnalının portalında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sentyabrın 27-də 06.00-da Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin kobud şəkildə pozulması barədə bəyanatı dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistanın dinc sakinlərin yaşayış məntəqələrinə qəsdən hücum etməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğu qeyd edilir. Dinc əhaliyə edilən hücumlar Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır və bunun ən bariz nümunəsi 1992-ci ilin fevralında törədilmiş Xocalı soyqırımıdır.

Diqqətə çatdırılır ki, öz bəyanatında H.Hacıyev Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün zəruri əks-hücum tədbirlərinin görülməsini qeyd edib.

Azərbaycan Ermənistanın yeni təcavüz aktı və müharibəyə hazırlaşdığı barədə dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar edib.

H.Hacıyev yaranmış vəziyyətə və hadisələrin sonrakı inkişafına görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

Mənbə: azertag.az