Olimpiya çempionu: Ordumuzun rəşadəti sayəsində torpaqlarımızın tezliklə düşmən işğalından azad ediləcəyinə inamımız tamdır

Olimpiya çempionu: Ordumuzun rəşadəti sayəsində torpaqlarımızın tezliklə düşmən işğalından azad ediləcəyinə inamımız tamdır

Bakı, 28 sentyabr, Leyla Qurbanova, AZƏRTAC

İşğalçı Ermənistanın hərbi birləşmələrinin atəşkəs rejimini pozaraq mövqelərimizə etdiyi hücumların qarşısını alan Azərbaycan Ordusunun əks-həmləsi nəticəsində düşmən ciddi tələfat verir. Azərbaycan xalqı həmişəki kimi, Ali Baş Komandanın ətrafında sıx birləşərək ordumuza böyük dəstək nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Olimpiya çempionu Elnur Məmmədli bildirib.

İstər ordumuzda, istərsə də cəmiyyətdə vətənpərvərlik hissinin, qələbə əzminin və döyüş ruhunun yüksək səviyyədə olduğunu vurğulayan E.Məmmədli deyib: “Cəmiyyət vahid amal uğrunda birləşib. Dünya Azərbaycanın geniş hərbi imkanlara, ən əsası isə xalq-ordu-Ali Baş Komandan birliyinə, istənilən böyük hərbi əməliyyatı reallaşdıra biləcək güclü orduya malik olduğuna şahidlik edir. Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində dediyi kimi, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər qazanacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”.

Otuz ilə yaxındır Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesini Ermənistanın müntəzəm olaraq hərbi təxribatlar törətməklə pozduğunu qeyd edən Olimpiya çempion bildirib: “Mövqeyi beynəlxalq hüquqa və ədalətə əsaslanan Azərbaycanın ərazi bütövlüyünü bütün beynəlxalq təşkilatlar və ölkələr tanıyır. Əminik ki, xalq-dövlət birliyinin gücü, ordumuzun rəşadəti sayəsində torpaqlarımız tezliklə düşmən işğalından azad ediləcək, qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar”.

Mənbə: azertag.az