Deputat: Azərbaycan xalqında Ordumuzun bu döyüşlərdə qələbə qazanacağına böyük inam var

Deputat: Azərbaycan xalqında Ordumuzun bu döyüşlərdə qələbə qazanacağına böyük inam var

Bakı, 28 sentyabr, AZƏRTAC

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın işğal etdiyi ərazilərimizdə növbəti dəfə təxribata əl ataraq və beynəlxalq cinayət törədərək dinc azərbaycanlı əhalini hədəfə almasına, öldürməsinə, yaralamasına və mülki obyektlərə ziyan vurmasına cavab olaraq Azərbaycan Ordusu bütün cəbhəboyu əks hücuma keçib. Ordumuzun düşməni əzəcəyi şəksizdir. Bunu deməyə əsas və dərin inam var. Çünki işğalçı Ermənistana bundan əvvəlki təxribatlarında da Ordumuz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə ağır zərbələr endirib. Ermənistan tərəfindən işğal olunmuş ərazilərin bir hissəsi 2016-cı ilin Aprel döyüşlərində azad edildi. Hərbi təcavüz nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həllindən boyun qaçıran işğalçı Ermənistan bu ilin iyul ayında dövlət sərhədimizin Tovuz rayonu istiqamətində keçən hissəsində törətdiyi təxribata görə cəzalandırıldı. İşğalçı ölkəyə bir daha deyildi ki, sülhə nail olmaq üçün yalnız bir yol var: Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxmalıdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan xalqına etdiyi müraciət həm hər birimizi səfərbər edir, həm də daha məsuliyyətli olmağa çağırır. İlk növbədə, bu gün bizim hər birimiz xalqımıza qürur hissi yaşadan, tariximizdə bir çox ilklərə imza atmış Prezdent İlham Əliyevin ətrafında sıx birləşməliyik. Xalqımızın hər bir fərdi yaşadığı regiondan, tutduğu mövqedən, sosial vəziyyətindən asılı olmayaraq həmrəylik göstərərək vahid mövqedən çıxış etməlidir. Bizim hər birimiz ümumi düşmənə qarşı yumruq kimi sıx birləşib müsəlləh əsgər olaraq Ali Baş Komandanımızın yanında olmalıyıq. Lazım gələrsə, bizim hər birimiz cəbhədə vuruşub canımızı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda fəda etməyə hazır olmalıyıq. Heç kim düşmənin informasiya təxribatına inanmamalıdır, yalnız dövlət qurumlarımızın məlumatları əsas götürülməlidir.

"İşğal altında olan bir neçə kəndimizin Ordumuz tərəfindən azad edilməsi barədə xəbərlər gəlir. Bu, dövlətimizin qüdrətinin göstəricilərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımıza müraciətində dediyi kimi, Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!", - deyə Musa Qasımlı vurğulayıb.

Mənbə: azertag.az