Ermənistanın açıq təcavüz saatlarında da beynəlxalq dairələr məsuliyyətləri bərabərləşdirmək yolunu tutdu - yolverilməz taktika...

Ermənistanın açıq təcavüz saatlarında da beynəlxalq dairələr məsuliyyətləri bərabərləşdirmək yolunu tutdu  - yolverilməz taktika...

Rəşad Bayramov: “Bu tip bəyanatları istər zaman, istərsə də məzmun baxımından uğursuz sayırıq”

Ermənistanın cəbhədə başlatdığı təxribat onun özünü çətin vəziyyətə salıb. Azərbaycanın başladığı əks-hücum əməliyyatlarından sonra Ermənistan siyasi rəhbərliyi dünya dövlətlərinə və xüsusən də ATƏT-in Minsk Qrupu ölkələrinə yalvarır ki, atəşkəs əldə olunsun. Bir çox ölkələrdə yaranmış vəziyyətə reaksiyalar verilib.

Bu xüsusda, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin verdiyi reaksiya maraqlıdır. Gəlin həmin mövqelərə diqqət edək: Rusiya XİN adından yayılan bəyanatda deyilir ki, tərəfləri atəşi dərhal dayandırmağa və vəziyyətin sabitliyi məqsədilə danışıqlara başlamağa çağırırıq:

“Bizdə olan məlumata görə, Dağlıq Qarabağ münaqişəsi bölgəsində vəziyyət gərginləşib. Təmas xətti boyu hər iki tərəfdən intensiv atışmalar aparılır. İtkilər barədə məlumatlar daxil olur”.

ABŞ Dövlət Departamentinin bazar günü açıqladığı bəyanatda Birləşmiş Ştatların Dağlıq Qarabağda münaqişə bölgəsində təmas xətti boyu, mülki şəxslər də daxil olmaqla, əhəmiyyətli itki ilə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlardan narahatlığı ifadə edilib. ABŞ ölən və yaralananların ailələrinə başsağlığı verib:

“Birləşmiş Ştatlar zorakılıqların eskalasiyasını ən kəskin şəkildə qınayır. Dövlət katibinin müavini Stefen Biqun Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakyana zəng edərək, tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa, eskalasiyanın daha da artırılmasına yol verməmək üçün mövcud birbaşa kommunikasiya kanallarından istifadə etməyə və yerlərdə gərginliyi artıran yararsız ritorika və hərəkətlərə yol verməməyə çağırıb”.

Fransa Xarici İşlər Nazirliyi də tərəfləri Qarabağda atəşkəsə və dialoqun bərpasına çağırıb: “Fransa Dağlıq Qarabağda baş verən genişmiqyaslı toqquşmalardan və mülki itki xəbərlərindən ciddi şəkildə narahatdır. Fransa toqquşmalara dərhal son qoyulmasına və dialoqun bərpasına çağırır”.

Hətta türk qardaşımız sayılan Özbəkistan da maraqlı bəyantla çıxış edib. Özbəkistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Özbəkistan Azərbaycanla Ermənistan arasında münasibətlərdə gərginliyin artması ilə əlaqədar ciddi narahatlıq ifadə edib və tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırır.

Bəyanatda qeyd olunur ki, qarşıdurma zamanı hərbi güc tətbiq edilməsi hər iki tərəfdən çoxsaylı insan tələfatına gətirib çıxara bilər: “Özbəkistan tərəfi MDB-nin sədri qismində bir daha MDB məkanında mehriban qonşuluq, qarşılıqlı etimad və dostluq münasibətlərinin möhkəmləndirilməsinin və mübahisəli məsələlərin beynəlxalq hüquq normalarına uyğun olaraq dinc həllinin vacibliyini təsdiq edir. Özbəkistan Ermənistanı və Azərbaycanı tezliklə hərbi əməliyyatları dayandırmağa və münaqişənin suverenlik və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə tənzimlənməsi məqsədilə diplomatik danışıqlara başlamağa çağırır”.

Çox maraqlıdır ki, nəzərdən keçirdiyimiz bu bəyanatların birində də deyilmir ki, Ermənistan öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmalıdır. Birində belə qeyd olunmur ki, BMT qətnamələrini icra etməyən ölkə kimi Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Yalnız məsuliyyətin bərabərləşdirildiyini görürük. İndiki zamanda bu tip bəyantları məqbul saymaq olarmı?

Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sadalanan ölkələrdən başqa biz digər dövlətlərin narahatlıq ifadə edən bəyanatlarını da gördük: “Vəziyyət artıq şablon bəyanatlar həddindən çıxıb. 30 ildən artıqdır ki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Həmin ərazilər etnik təmizləməyə məruz qalıb, orada bir nəfər də olsun azərbaycanlı yoxdur. Uzun illərdir ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün danışıqlar həyata keçirilir. Ancaq Ermənistan müxtəlif bəhanələrlə bundan yayınıb. Paşinyan hakimiyyətə gələndən sonra isə daha da avantürist mövqenin sərgiləndiyini görmüşük. Paşinyan və onun komandasına aid olan yüksək çinli məmurlar son vaxtlar bəyanatlarında bütün beynəlxalq hüquqa meydan oxuyurdular. Hətta yeni ərazilərin işğalının mümkünlüyündən danışırdılar. Azərbaycan tərəfi dəfələrlə bəyanat verib, narahatlıq ifadə edən ölkələrin nəzərinə bu vəziyyəti çatdırdı. Nəticədə Paşinyana gözün üstə qaşın var belə deyən olmadı. Hərbi əməliiyatlardan bir neçə gün əvvəl Prezident bəyan etdi ki, Ermənistan müharibəyə başlamağı planlaşdırır. Buna da dünya birliyi lazımi şəkildə reaksiya vermədi. Nəticədə Ermənistan bütün cəbhə boyu hücuma keçdi. Təbiidir ki, belə olan halda Azərbaycan ona layiqli cavabı verməlidir və işğal altında olan torpaqlarının işğaldan azad olunmasına başlamalıdır. Bu tam qanuni prosesdir. Təəccüb doğuran digər məqam budur ki, hətta keçikmiş bəyanatlarda belə tərəflər arasında məsuliyyət eyniləşdirilir. Birində də deyilmir ki, Ermənistan işğaldan əl çəkməlidir. Bu baxımdan da, bu tip bəyanatları istər zaman, istərsə də məzmun baxımından uğursuz sayırıq. Mən başa düşə bilmirəm, mart ayında Dağlıq Qarabağda keçirilən qondarma seçkilərlə bağlı qondarma andiçmə mərasimi Azərbaycanın qədim şəhəri Şuşada keçiriləndə bu bəyanatları biz niyə görmürdük?”

Çox təəssüf ki, lazımi hallara biz beynəlxalq ictimaiyyətdən zəruri reaksiyanı görmədik. Yaxşı olar ki, həmin bəyanatlarda Ermənistan işğaldan əl çəkməyə çağırılsın.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com