Azərbaycan əleyhinə 27 sentyabr hərbi təcavüz aktları Ermənistana niyə gərək oldu...

Azərbaycan əleyhinə 27 sentyabr hərbi təcavüz aktları Ermənistana niyə gərək oldu...

Məhəmməd Əsədullazadə: “Ermənistanın 27 sentyabr təxribatında məqsədi o idi ki...”

Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən onun hakimiyyətə gəldiyi ilk gündən etibarən Azərbaycana qarşı həm sözdə, həm də əməldə təxribatlar törədilib. Bununla da Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə ardıcıl zərbə vurulub, regiondakı gərginliyin ciddi şəkildə artmasına bilərəkdən şərait yaradılıb.

Bundan başqa, işğalçı dövlət rəhbərinin təşəbbüsü ilə Ermənistanda “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyənləşdirən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edilib.

Ermənistan bu il iyul ayının 12-16-da Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində daha bir məqsədyönlü təcavüzkar hərəkəti törətdi. Ancaq təcavüzkar tərəf öz məqsədlərinə çata bilmədi. Bədxah düşmənin təcavüzünün Silahlı Qüvvələrimiz tərəfindən layiqincə cavablandırılmasına baxmayaraq, Ermənistan yenə də növbəti işğalçı siyasətini həyata keçirmək iddiasından əl çəkmir. Bunun üçün hazırlıqlara başlayıb, külli miqdarda silah və sursat tədarük edib, qüvvələrini təmas xətti boyunca cəmləşdirdilər. Həmçinin, Azərbaycana qarşı müharibə aparmaq üçün on minlərlə mülki şəxsdən ibarət hərbi dəstələr yaradıldığını elan etdilər. Bütün bunların nəticəsində 27 sentyabrda Azərbaycana qarşı növbəti təcavüzə əl atdılar. Ancaq onlar bu dəfə də öz niyyətlərinə çata bilmədilər. Azərbaycan Ordusu güclü əks-zərbələr endirərək bir sıra yaşayış məntəqələrini, strateji əhəmiyyətli mövqeləri işğaldan azad etdi. Düşmənin çoxsaylı canlı qüvvə itkisi var. Belə olan halda, maraqlıdır, Ermənistanın 27 sentyabr təxribatında məqsədi nə idi? Bu, adıçəkilən dövlətin nəyinə lazım idi?

“Ancaq onlar göz görə-görə anlamaq istəmədilər ki, Azərbaycan 90-cı illərin ölkəsi deyil”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Əvvəla Paşinyan hakimiyyətə gələndən bəri danışıqların mahiyyətinə zidd pozucu xarakterli fikirlər səsləndirməyə başladı. Gah separatçı tərəfin danışıqlarda tərəf olmasına cəhd etdi, gah da “Qarabağ Ermənistandır” kimi sərsəm fikirlər səsləndirdi. Bu və digər təxribat xarakterli açıqlamaların heç birinə həmsədrlər sərt reaksiya vermədilər. Nəinki sərt reaksiya, heç buna yumşaq tərzdə irad belə bildirmədilər. Bütün bunların nəticəsində Paşinyan bir az da azğınlaşdı. Elə hesab etdi ki, istənilən provokasiyaya gedə bilər. Ermənistanın 27 sentyabr təxribatında məqsədi o idi ki, yeni ərazilər işğal edib Azərbaycanı mövcud vəziyyətlə barışdırmağa məcbur etsin. Bu minvalla 30 illik işğalı rəsmiləşdirsinlər. Ancaq onlar göz görə-görə anlamaq istəmədilər ki, Azərbaycan 90-cı illərin ölkəsi deyil. Situasiya tamam fərqlidir. Nəticədə Silahlı Qüvvələrimiz bir sıra əraziləri azad edərək düşmənə zərbələr vurmaqda davam edirlər”.

Politoloqun fikrincə, cəbhədə baş verənlər Ermənistan üçün yeni-yeni fəlakətlər vəd edir.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com