Dünya boyu COVID-19-dan ölənlərin sayı bir milyona yaxınlaşır

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bazar ertəsi verdiyi məlumata görə, dünya boyu COVID-19-dan ölənlərin sayı bir milyona yaxınlaşır. Cons Hopkins dünyada 33 milyondan çox insanın COVID-19-a yoluxduğunu bildirib.

CNN-in Con Hopkins Mərkəzinin məlumatlarına əsasən apardığı araşdırma ABŞ-ın 21 ştatında COVID-19-a yoluxma hallarının əvvəlki həftə ilə müqayisədə 10 faiz artdığını göstərib.

Vaşinqton Universitetinin Səhiyyə və Qiymətləndirmə İnstitutunun direktoru, doktor Kris Murrey CNN-ə oktyabr ayında ABŞ-da koronavirusa yoluxma hallarında "böyük bir artım" gözləndiyini, bunun noyabr və dekabr aylarında davam edəcəyini deyib.

Cons Hopkins mərkəzinin məlumatına görə, ABŞ-da COVID-19-a 7 milyondan çox yoluxma halı qeydə alınıb. Hindistan 6 milyondan çox yoluxma halı ilə ikinci, Braziliya isə beş milyona yaxın yoluxmalarla üçüncü yerdədir.

Avropada koronavirusa yoluxmanın yeni dalğası bəzi ölkələrin hökumətlərinin yenidən məhdudiyyətlər tətbiq etməsinə səbəb olur.

Britaniyanın baş naziri Boris Conson ölkəsinin koronavirusun ikinci dalğası ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib. O, COVID-19-a səbəb olan virusla mübarizə üçün “təcili və qətiyyətli addımlar” atılmasının lazım olduğunu deyib.

Fransanın Həkimlər Milli Şurasının rəhbəri Patrik Bue Journal du Dimanche qəzetinə verdiyi açıqlamasında "heç bir şey dəyişməzsə, Fransanın payız və qış ayları bütün ərazisi boyu geniş epidemiya ilə qarşılaşacağını və səhiyyə sisteminin çökə biləcəyini" deyib.

Niderlandın baş naziri Make Rutte ölkədə yoluxma dalğasını “çox narahatedici“ adlandırıb və "bizi əlavə tədbirlər görülməsinə məcbur edəcəyini" bildirib.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Türkiyə parlamenti: Beynəlxalq birliyi Ermənistanın hücumlarından zərər görən Azərbaycanın yanında olmağa dəvət edirik

SONRAKI XƏBƏR

Rus politoloq Paşinyanı “ikiüzlü” adlandırdı: