Türkiyə parlamenti: Beynəlxalq birliyi Ermənistanın hücumlarından zərər görən Azərbaycanın yanında olmağa dəvət edirik

Türkiyə parlamenti: Beynəlxalq birliyi Ermənistanın hücumlarından zərər görən Azərbaycanın yanında olmağa dəvət edirik

İstanbul, 28 sentyabr, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı hərbi hücumları ilə bağlı, Türkiyə Böyük Millət Məclisində təmsil olunan siyasi partiyalar olaraq, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixində Dağlıq Qarabağda atəşkəsi və beynəlxalq hüququ pozaraq ağır silahlarla Azərbaycanın mülki yaşayış məntəqələrini və hərbçiləri hədəf alan hücumlarını ən sərt şəkildə qınayırıq.

AZƏRTAC xəbər verir ki, bu, Türkiyə Böyük Millət Məclisində təmsil olunan hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və İyi Partiyanın birgə açıqlamasında əksini tapıb. Sənəddə bildirilir: “Bu son hücumlar Tovuzda törədilən hücumlardan sonra Ermənistanın bölgədə sülhə və sabitliyə ən böyük əngəl olduğunu ortaya qoyub. Biz beynəlxalq hüquqdan qaynaqlanan qanuni müdafiə haqqı çərçivəsində öz xalqını qorumaq və ərazi bütövlüyünü təmin etmək məqsədilə Azərbaycanın həyata keçirdiyi müdafiə tədbirlərini dəstəkləyirik.

Otuz ilə yaxındır ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır. Bu haqsız işğalın aradan qaldırılması üçün BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarına uyğun şəkildə sülh məqsədli həll variantını dəstəklədiyimizi təkrar edirik. Beynəlxalq ictimaiyyəti bugünə qədər Ermənistanın işğalı və məsuliyyətsiz hücumları səbəbilə zərər görən Azərbaycanın yanında olmağa dəvət edirik.

Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, can Azərbaycana başsağlığı verir, yaralılara şəfa arzu edirik. Bir daha millətimizin həmrəylik iradəsi göstərdiyini vurğulayırıq”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az