Baltikyanı ölkələrdə yaşayan həmvətənlərimiz Ermənistanın son təxribatlarını pisləyiblər

Riqa, 28 sentyabr, AZƏRTAC

Baltikyanı ölkələrdə yaşayan azərbaycanlılar son erməni təxribatları ilə bağlı birgə bəyanat yayıblar.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Latviya Respublikasının azərbaycanlı icması və diaspor təşkilatlarının nümayəndələri sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun cəbhə xətti boyunca hərbi mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar və ağır artilleriya vasitəsilə atəşə tutmasını sərt şəkildə qınayırıq. Biz Ermənistan tərəfinin bu addımını uzun illər ölkəmizə qarşı aparılan hərbi işğal və etnik təmizləmə siyasətinin davamı, habelə beynəlxalq humanitar hüququn və 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndiririk.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri – Dağlıq Qarabağ və ətraf 7 rayon artıq 30 ilə yaxındır Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altındadır. Etnik təmizləmə və soyqırımı cinayətlərinə məruz qalmış 1 milyona yaxın soydaşımız ərazilərimizdən qaçqın və məcburi köşkün düşüb, 30 minə yaxın soydaşımız isə qətlə yetirilib. İşğalçı erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 844 saylı qətnamələri, habelə BMT Baş Assambleyası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrinə Ermənistan tərəfindən riayət olunmur”.

Bəyanatın sonunda icma üzvləri Latviya və bütün dünya ictimaiyyətini Ermənistanın ölkəmizə qarşı hərbi işğal və etnik təmizləmə siyasətini açıq şəkildə qınamağa çağırıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə Parlamenti Bakını dəstəkləməyə çağırır - Xəbərlərin 20:00 buraxılışı

SONRAKI XƏBƏR

Türkiyə parlamenti: Beynəlxalq birliyi Ermənistanın hücumlarından zərər görən Azərbaycanın yanında olmağa dəvət edirik