Fred Asifin Ala Yaquba hirslənməsi, bomba səsindən ürəyi partlayan 3 yaşlı İlkin... - Ağdamda bir gün

Moderator.az Kulis.az-a istinadən Qorxmaz Şıxalıoğlunun "Ağdamda bir gün" adlı yzısını təqdim edir.

Ağdam. 1 aprel 1992-ci il

Saat 6:20-dir. Qatar Ağdam dəmiryolu vağzalında ağır-ağır nəfəs alaraq dayanır. Bələdçi ilə sağollaşırıq. Dörd nəfərik. Rejissor Əhməd Abdullayev (o, 2000-ci ildən İsraildə yaşayır), operator Ramiz Rüstəmov, səs rejissoru Elşən Mehdiyev və mən - redaktor. Ağdama – AzTV-dən çəkilişə gəlmişik. Elə birinci maşına - “Moskviç”ə əyləşirik. Sürücü ahıl adamdır, təbii ki, “çörək pulu”na görə tezdən buranı kəsdirib durub.

- Əmi, şəhərdə nə var, nə yox?

Qayğılı–qayğılı dillənir:

- Pis deyil… belə dəə… tək-tük gedən var, ancaq mən gedən deyiləm…

Oğlanlarım döyüşür, mən hara gedəsiyəm?

Bir az susur, sonra yenə sözünə davam edir. Ancaq hiss edirəm ki, çox həvəssiz danışır. Bəlkə də on gündən çox ülgücə dəyməyən üzü bu həvəssizliyi bir az da artırır. Əlimizdəki “dəm-dəsgah”dan televiziyadan gəldiyimizi başa düşür, lakin bu, onun təlx ovqatına iynə ucu boyda da təsir etmək gücündə deyil:

- O gecə (söhbət 28 fevral gecəsindən gedir) bir nömrəli orta məktəbə, köhnə mehmanxana binasına, bir də passaja - ticarət evinə raket düşdü. Passaj yandı.

- “Alazan” idi?

Bu sualımla sürücüyə döyüş bölgələrinin həyatı ilə yaxından tanış olduğumu, hətta silahlardan belə baş çıxara bildiyimi anlatmaq və bununla da müsahibimin “buzunu qırmaq” istəyirəm, lakin o, çox sakitcə: - yox, “Kristal” raketləri idi, - deyir və susur.

Fiziki və mənəvi cəhətdən yorulmuş bu adama daha sual verməyi artıq bilirəm.

Saat 6:40. Ağdam rayon Daxili İşlər Şöbəsindəyik. Növbətçi yuxulu gözlərini ovuşdura-ovuşdura bizimlə görüşür. Özünü təqdim edir: Kapitan Maarif Nərimanov. Suyuşirin kapitandan milis rəisini soruşuram. Hərbçisayağı cavab verir:

- Rəis gecə saat 3-də gedib, 9-un yarısı burada olacaq.

Ağdam rayon Daxili İşlər Şöbəsinin rəisi Rəşid Məmmədov (o, həm də Ağdamın komendantıdır) haqqında çox eşitmişdim. Bilirdim ki, qorxmaz adamdır. Cəbrayılda DİŞ-nin rəisi olub. Milis döyüş dəstələrində dəmir nizam-intizam yaradıb. Neçə-neçə uğurlu döyüş əməliyyatı keçirib. Erməni quldurları onun başına külli miqdarda pul qoyublar. R.Məmmədov Cəbrayıl camaatının inandığı və sevdiyi adam olub. Hətta onun iş yeri Ağdama dəyişiləndə, deyirlər ki, cəbrayıllılar narazılıq ediblər, onu buraxmaq istəməyiblər. Qərara gəlirik ki, rəis gələnə kimi şəhərə çıxaq…

Küçədə qarşımıza çıxan döyüşçülərlə görüşürük. Vidadi Abdullayev (Füzuli), Arif Rəhimov (Qazax, Xeyrimli kəndi), Tərlan Əhədov (Bülbülə qəsəbəsi), Araz Hüseynov (Mərdəkan), Məhyəddin Behbudov (Sumqayıt) əvvəllər respublika DİN Yanğından Mühafizə İdarəsində işləyiblər. 1992-ci ilin əvvəlində idarənin nəzdində könüllülərdən yaradılmış “Qisasçı” dəstəsinin üzvləridirlər. Qarabağın qaynar nöqtələrində bir neçə döyüşdə iştirak ediblər. Bu döyüşlərin birində “qisasçı”lardan Cəmil Niftəliyev (Lökbatan) qəhrəmanlıqla həlak olub. Kamil Vəlibəyov isə yaralanıb. Kamil milliyyətcə ləzgidir. Pirallahı qəsəbəsindəndir. Onlardan qısaca müsahibələr alırıq və sağollaşıb ayrılırıq.

Əli İbrahimov küçəsi.

Ağdamın boşalması, adamların köçüb-getməsi ilə bağlı Bakıda gəzən cürbəcür söz-söhbətin həqiqiliyini yoxlamaq üçün qarşıdakı Ə.İbrahimov küçəsinə buruluram.

- Əli İbrahimov kim olub?

Bu suala 4-5 ağdamlının heç biri cavab verə bilmir.

Yoldaşlarım DİŞ-ə qayıdır. Küçədəki 1 nömrəli evin darvazasından (bütün darvazalar dəmirdəndir) yekə qıfıl asılıb. Amma qəribə də olsa, həmin evlə üzbəüz olan şəhər hamamının qapısı isə açıqdır - hamam işləyir. Küçə yuxarı addımlayıram. 3, 5, 8, 9, 11, 13, 15, 16, 17, 21, 23 nömrəli evlərin qapısı qıfıllıdır. 4, 7, 10, 12, 14, 18 nömrəli evlərin sahibləri isə heç hara getməyiblər - qapıları qıfılsızdır. 25 nömrəli qapının ağzından geri qayıdıram. DİŞ-in yerləşdiyi Lenin küçəsinə dönürəm. Bütün idarə və təşkilatlar, bir sözlə, inzibati strukturlar bu küçədə yerləşir. Lenin küçəsində əksər qapılar qıfılsız olduğu üçün sevinirəm. Ermənilərin atdığı “Kristal” raketi Gənc Texniklər Stansiyasının binasına düşüb. Binanın bir hissəsi yanıb - dağılıb. Raketin vurub göyə sovurduğu damın lay dəmirlərindən bir neçəsi isə küçə boyu sıralanan çinarların budaqlarında “qərar tutub”. Şüşələri çiliklənmiş pəncərələrin bəzilərinə yanıb qaralmış dəmirlər vurulub. Bir pəncərədən içəri boylanıram. Döşəmədə toz-torpaq içində qalan iri dibçək qabı paralanıb, lakin onun içindəki gül isə (adını bilmədim) əvvəlki ömrünü yaşamaqdadır. Torpağı qupquruyan bu gül, qəribə də olsa, yamyaşıl idi. Fikirləşdim ki, təki çoxumuzda bu gülün inadı olaydı…

Gənc Texniklər Stansiyasına bitişik bina məşhur tarzən Qurban Primovun xatirə muzeyidir. Şükür Allaha, sağ-salamat qalıb. Onun yanındakı isə Rayon Xalq Təhsil Şöbəsinin binasıdır. Binanın giriş qapısının ağzında var-gəl edən qara plaşlı oğlanla tanış oluram: təhsil şöbəsinin mühəndis-nəzarətçisi Məhəmməd Cəfərov.

Təzə tanışım məlumat verir:

- Heç bir məktəb, bağça işləmir. Uşaqların çoxu Xındırıstan, Mahrızlı, Əfətli, Üçoğlan, Çəmənli kəndlərində təhsil alır. Məhəmməd təhsillə, məktəblə bağlı çox həvəssiz danışır. Görünür, təhsil söhbətinin yeri deyil.

Milis rəisinin kabinetində

Saat 8:20-dir. Gözəl Gün çıxıb. Əsl yaz havasıdır. Milis şöbəsinə qayıdıram. Uşaqlarımız çöldə məni gözləyir. Düz 8:30-da R.Məmmədov gəlir. Küçədə - şöbənin girəcəyində görüşürük. Sonra onun kabinetinə keçirik. Rəşid müəllim, ilk növbədə, Ağdamətrafı postlardan verilən məlumatları dinləyir. Sonra gecə komendant saatını pozanlar bir-bir, iki-bir içəri gətirilir. Konserv zavodunun mühasibi Rəhbər Əzizova xəbərdarlıq edilir. Yasir Hüseynovu isə milislər gecə sərxoş tutublar.

R.Məmmədov: indiki vaxtda adam heç içərmi? Xəcalət çəkirsənmi?

Y.Hüseynov: bəli, xəcalət çəkirəm.

R.Məmmədov: Üç sutka həbs!

R.Məmmədov müavini, ağsaçlı podpolkovnikin xahişini, Y.Hüseynovun dönə-dönə üzr istəməsini və peşmançılığını nəzərə alıb, üç sutkalıq həbs cəzasını pul cəriməsi ilə əvəz edir. Onu da deyim ki, “pul cəriməsi” sözü oxucunu çaşdırmasın. Əvvəla, şöbədə cərimənin dəqiq uçotu aparılır. İkincisi də, cəbhə rayonlarında pula daha böyük ehtiyac olur. Bir azdan sonra biz bu həqiqətin bir daha şahidi olduq. Növbəti “naruşitel”in (yəni, qaydanı pozan) adını isə yazmıram, etika xatirinə. O, gecə kondisioner oğurlayarkən yaxalanıb. Rəşid müəllim ona nələr demir. Ağsaçlı podpolkovnik onun da qanının arasına girir. Elə bu vaxt “Səhər” qazetindən zəng vururlar. Ağdamla bağlı məlumat istəyirlər. Rəşid müəllim qəzetin əməkdaşına lazımi məlumat verəndən sonra siqaret yandırır. Qaydanı pozanlara – onlar 14-15 nəfər olardı - müxtəlif cəzalar verilir. Çöldə qapı ağzında gözləyənlər isə hələ çoxdur. Hərə bir xahişə gəlib - maşın yağı, təkər, karbürator, benzin, güllə və s. Bu siyahını çox uzatmaq olar. Qəbula gələnlərin əksəriyyəti razı gedirlər. Yuxarıda vurğuladığım pul cəriməsi də, əslində, camaatın bu cür problemlərinin həllinə sərf olunur. Öz işçilərinə də rəis müəyyən tapşırıqlar verir. Saat 10.00-da əsas vacib işlər, necə deyərlər, əldən çıxır. Qərara gəlirik ki, hələlik şəhərdə evləri raket atəşindən dağılan, itki verən ailələrlə görüşək, sonra səngərlərə, döyüş mövqelərimizin qərarlaşdığı yerlərə gedək. Rəşid Məmmədov deyir ki, bir azdan Bakıdan Çexoslovakiyanın xarici işlər naziri gəlməlidir. Bakıdan zəng ediblər. Ona görə də başım bir az qarışıq olacaq. Günorta mütləq görüşərik.

Lenin küçəsi

Lenin küçəsindəki 26 nömrəli evin sahibi Barat Fərhadovla küçədə rastlaşırıq.

Daha doğrusu, o, əlimizdəki kameranı görüb bizə yaxınlaşır:

- Fevralın 28-i gecəsi idi. Birdən sanki yer-göy lərzəyə gəldi. Nə baş verdiyini dərk edər-etməz, həyat yoldaşımın qışqırtısını eşitdim. Onun qışqırmağı ilə həyətə qaçmağı bir oldu. Dalınca çıxdım. Həyətdə yıxıldığını gördüm. Dəhşətli şəkildə qışqırırdı. Özümü ona yetirəndə gördüm ki, qan içindədir. Bir qolunu yaxınlıqda düşən “Kristal” raketinin qəlpəsi qırıq-qırıq etmişdi. Sonra nələr oldu, neylədim, bütün bunlar dəhşətli yuxu kimi gəlir mənə. O od-alov, atəş altında minbir zülümlə maşın tapdım, gecə ilə onu Ağcabədi rayon xəstəxanasına, oradan da Bakıya Respublika xəstəxanasına çatdırdım. Qolunu kəsdilər, indi Bakıda yatır. Bu yerdə Barat kişi doluxsunur, gözləri yaşarır. Onu sakitləşdiririk. Sonra Barat kişi dəmir darvazanın asma kilidini açır, həyətə keçirik. Ürək ağrıdan bir mənzərə var həyətdə. İnsansız həyət-baca necə kədərli görünürmüş, İlahi! Bu qəmli mənzərə bir bayatını salır yadıma:

Sən məni ağlar qoydun,

Sinəmi dağlar qoydun.

Yıxdın atam evini,

Qapısın bağlar qoydun.

Birdən mənə elə gəlir ki, bu bayatını söyləyən Barat kişinin Bakıda xəstəxanada yatan ömür-gün yoldaşı Elza xanımdır. Elə bildim ki, bu səs həyətin aşağısından gəlir.

Onu da deyim ki, o dəhşətli gecədən sonra Barat kişi daha qohumugildə qalır.

Elə bu vaxt 55-60 yaşlı bir kişi darvazadan içəri boylanıb salam verir, bizə yaxınlaşır, Barat kişi onu bizə təqdim edir:

- İsmayıl kişidir, bu yazığın da nəvəsi, - onun sözünün davamı gəlmədi.

Üzünü ağ tük basmış İsmayıl kişi ah çəkir: Mən Frunze küçəsindəki 54 nömrəli evdə yaşayıram. O gecə dəhşət idi. Raketlərin səsindən dedim ki, dünya dağılacaq. O gurultuda 3 yaşın içində olan nəvəm İlkinin ürəyi partladı. İki dəqiqənin içində keçindi, aprelin 6-sı qırxıdır.

İsmayıl kişi ermənilərin xainliyindən danışır, ancaq mənim gözümün qabağında 3 yaşlı İlkin dayanıb. Mənim də 3 yaşın içində olan Ayxan adlı oğlum var. İlkini görməmişdim, təbii ki. Ancaq mənə elə gəldi ki, o, sir-sifətcə Ayxana oxşayıb. Lap ortadan bölünmüş almatək bənzəyiblər biri-birinə. Bəlkə də belə deyildi. Hər halda mən belə düşünürdüm. Və o vaxtlar hər dəfə Ayxandan soruşanda ki, böyüyəndə neçə erməni öldürəcəksən? Deyirdi ki, bir. Mən acıqlanırdım ki, bir niyə, yüz denən də. Zülmlə, güclə deyərdi ki, yüz. Səhər yenə bu sualı verəndə, yenə də cavabı əvvəlki olurdu: bir.

İlkinin bu dəhşətli ölümü, sanki içəridən ruhumu yeyir. Onun son anlarını təsəvvür etməyə çalışıram. Raketlərin gurultusundan əyilmiş sifətini, hədəqəsindən çıxan gözlərini görürəm. Ürəyim az qalır partlasın. Yox, hər halda, Ayxan yüz də olmasa, mütləq bir erməni öldürməlidir, Mənə, sənə görə yox, yalnız İlkinə görə! Yoxsa İlkinin mələk kimi təmiz, müqəddəs ruhu aram olmaz, heç vaxt! Ondan sonra, doğrudan da, Ayxanın İlkinə oxşadığına zərrə qədər şübhəm qalmayacaq.

İsmayıl İbrahimovun səsini yazırıq və onlara təskinlik verib sağollaşırıq. Küçədə gördüyümüz nurani kişinin yanından sakit keçə bilmirik. Yaxınlaşıb tanış oluruq, hal-əhval tuturuq. Xaçındərbənd kəndindən olan 91 yaşlı Qaçay Qasımov kəndlərinin ağır vəziyyətindən danışır. Qaçay kişi Rəşid Məmmədovun yanına silah üçün gəldiyini deyəndə, qəhər məni boğur. Onu bağrıma basıb öpmək keçir könlümdən. Danışmaq istəməsə də, dilə tutub, videoçıxışını yazırıq.

Ağdamın Şəhidlər Xiyabanı

Saat – 12:00. Şəhidlər Xiyabanına gəlirik. Burada Gəncə Xalça Kombinatının işçiləri ilə rastlaşırıq. Kombinatın həmkarlar komitəsinin sədri Tərlan Ələsgərova, mühasib Aybəniz Məmmədova, nəzarətçi Məsmə İbrahimova ilə söhbətləşirəm. Onlar gətirdikləri qərənfil dəstələrini şəhid məzarlarının üstünə düzürlər. Başda, birinci 22 yaşlı Canpolad Rzayevin (“Qatır Məmməd” ləqəbi almış Yaqub Rzayevin oğludur) məzarıdır. Üstünə gül qoyuram. Qatır Məmmədin dəstəsi, dedilər ki, bu günlərdə erməni kəndi Xramordu darmadağın edib. Xramord Şelliyə gedən yolda uzaqdan görünür. Kəndin bir-iki yerindən hələ də tüstü qalxır. Dedilər ki, indi Qatır Məmmədin dəstəsi erməni kəndi olan Xanabadın alt tərəfindədir. Onu da dedilər ki, Qatır Məmmədin dəstəsi təkbaşına vuruşur, heç kimlə birləşmək istəmir.

Fred Asifin batalyonunda

Gəncəlilərin avtobusu ilə (sürücü Məzahir Teymurovdur) Şelli postuna gedirik. Şelli kəndini keçirik. Təpəlik yerlər başlayır. Qabaqda tank, BMP-lər dayanıb, bizimkilərdir. Avtobusu saxlayıb düşürük, Döyüşçülərimizin düşərgəsinə yaxınlaşırıq. Torpağın üstü cürbəcür gilizlərlə doludur. Gəncəlilər döyüşçülər üçün süfrə açır. Sonra onları səngərdəki döyüşçü dostları əvəzləyir. Qarşı dağlarda ermənilərdir. Uzaqda - bura Əsgəran tərəfdir – kartof sahəsində azərbaycanlı qadınlar işləyir. Onlar ermənilər tərəfindən Xocalıda girov götürülüblər. Bunu mənə yanımdakı əsgər dedi. Onda Xocalı qətliamından cəmi 35 gün keçirdi. Mən əvvəlcə buna inanmadım, daha doğrusu, inanmaq istəmədim. Ancaq min təəssüf ki, bu, həqiqət idi. Başımızı yerə soxan həqiqət. Və mən Bakıya qayıdandan sonra utandığımdan bu haqda ən yaxın dostuma belə bir kəlmə danışmadım… Qisas almalıyıq! Xocalının əvəzini çıxmalıyıq! Əgər ermənilərdən intiqam almayacağıqsa, bizə sülhlə qayıdası torpaq lazım deyil!

Səngərlərə qalxırıq, döyüşçülərdən müsahibələr alırıq. Şelli postundakı ərazi müdafiə botolyonunun komandiri Asif Məhərrəmovdur. Hamı onu “Fred Asif” kimi tanıyır. Bəzi döyüşçülərin adını qeyd dəftərimə yazıram: Sabir Məhərrəmov, Mustafa Şükürov, Şakir Məhərrəmov, İlham Quliyev (hamısı Şelli kəndindəndir), Əbülfət Ağabalayev (Dəvəçi), Vadim Qarayev (Bakı), Viktor Viktoroviç (Bakı), Müşfiq Babayev (Şamaxı), İki metr boyu olan qara, az qala, zəncilərə oxşayan Müşfiq, sanki tuncdan tökülüb. Ağdamdan qayıdandan bu günə kimi, demək olar ki, hər gün Allaha yalvarıram ki, Müşfiq gülləyə tuş gəlməsin. Çünki belə uca boyu olanlar, təbii ki, döyüşlərdə tez gülləyə gəlirlər. Yəqin ki, əlbəyaxa döyüşdə bu qara şamaxılı balası yüz erməni dığasının cavabını verər, Allah sənə də, dostlarına da kömək olsun, Müşfiq! Bir nəfərlə də tanış oluram: Əhmədov Mahir Tahir oğlu (gəncəlidir). Əvvəl Şahbulaq, sonra isə Bakıda 1 nömrəli islah düşərgəsində yatıb. 1988-ci ildə erməni-azərbaycanlı münaqişəsinə görə həbs olunub. İndi BMP sürücüsüdür. Ondan 1 nömrəli islah düşərgəsində işləyən qardaşım Aydını soruşuram: Şıxəliyevi tanımırsan? 1 nömrəli kolonda işləyir.

Bir qədər fikrə gedir, sonra sevincək - hə, əla tanıyıram, çox yaxşı oğlandır, özü də İsmayıllıdandır.

Bir qədər dayanır, sonra qeyzlə dillənir:

- Bilmirəm, o uşaqları türmədə niyə saxlayırlar, onların yeri buradır.

Döyüşçülərlə sağollaşırıq. Fred Asif məndən soruşur:

- İndi buradan hara gedəcəksiniz?

- Qatır Məmmədi çəkməyə.

Fred Asifin sifəti dəyişir. Acığından səsi titrəyir, əli ilə avtomatı sıxır:

- Siz jurnalistlər hər ………. qəhrəman düzəldirsiniz, - o, çox hirslənir, ətrafdakılar susur. Mən axı Bakıda hamı Ala Yaqubdan danışır - deyirəm.

Fred Asif yenə acıqlı-acıqlı Ala Yaqubun qarasınca deyinir. Rejissor Əhməd Abdullayev sakitcə qoluma toxunur, yəni sus.

Şellidən Ağdam rayon Xalq Cəbhəsi İdarə heyətinin üzvü Nəsrəddin Bağırovun “Jiquli”sində qayıdırıq. Yol boyu çətin günlər yaşayan Ağdamın bu iki igid oğlunun arasındakı gərgin münasibət məni ağır düşüncələrə qərq edir. Nəsrəddinin səsi məni fikrimdən ayırır.

- Ömrümdə bir əsl jurnalist görmüşəm - “En-Bi-Si” Televiziya şirkətindən idi - ingilis Pek Rurik. Bura gəlmişdi. İnanın ki, güllədən qorxmur, hara qaynar yerdir, ora dürtülür. Qəribə idi ki, güllə böyür-başından keçirdi ona dəymirdi. Bax, o, jurnalistdir.

Nəsrəddinin Pek Ruruklə bağlı danışdıqlarını o biri üzünə çevirəndə belə çıxırdı ki, biz jurnalist deyilik.

Ağdam rayon milis şöbəsinin qarşısında maşından düşürük və Nəsrəddinlə sağollaşırıq. Onu da deyim ki, Şellidə Nəsrəddini də çəkmişdik. Bizdən ayrılanda “çıxışımda bizim Ali Sovetin boşboğazlıqla məşğul olması barədə dediklərimi çıxarmayın, mütləq efirə verin, xahiş edirəm”- deyir.

“ Əsgəran yolu” postu.

Günorta saat 3-ün yarısıdır. Yenidən Rəşid Məmmədovla görüşürük. Sonra 4 nəfər milislə “Alabaş” avtobusa oturub “Əsgəran yolu” postuna yollanırıq. Ağdamdan bura təxminən 3 kilometrdir. Buradan Şuşaya gedən asfalt yol iri betonlarla hörülüb. Təxminən 20 metr uzunluğundakı beton hasarın hər iki başından isə səngərlər qazılıb. Sinə-sinə səngərlərə giririk. Burada döyüşçüləri çəkirik, səslərini yazırıq. Ali Sovetin mətbu orqanı olan “Həyat” qəzetinin fotoqrafı Camal da bizimlədir. O, qorxmaz oğlandır. Bizə deyirlər ki, erməni snayperləri sizi vura bilər, səngərdən başınızı çıxarmayın… Nəhayət, çəkiliş başa çatır. Səngərlərdən əyilə-əyilə geri qayıdırıq. Elə bu vaxt ermənilər atəş açırlar. Səngəri ikiyə bölən qaya parçasını döyüşçülərimiz qıra bilmədikləri üçün eləcə də qalıb. Görünür, onu qırmağa gücləri çatmayıb. Biz də onun üstündən keçməyə məcbur idik. “Buradan ildırım kimi keçin” – deyirlər bizə. Səs rejissorumuz Elşən Mehdiyev qaya parçasının qırağına əlini qoyar-qoymaz, ermənilər yenə atəş açırlar. Elşənin alnından şoralanan qanı görəndə, elə bildik ki, ona güllə dəyib. Demə, alnı daşa dəyibmiş. Uşaqlar elə səngərdəcə kiminsə əl yaylığını yandırıb soyumuş külünü yaranın üstünə basdılar. Səngərə sinə-sinə bir başı Qarağaclı qəbristanlığının içinə girən beton hasarın arxasına gəlib çıxırıq. Burada torpağın üstü, ən azı, on santimetr qalınlığında avtomat, pulemyot, minomyot gilizləri ilə örtülüb. İyirmi dəqiqədən sonra gəldiyimiz “Alabaş” avtobusuna çatırıq. Geri qayıdırıq.

Rəşid Məmmədovun dedikləri.

Milis idarəsinin həyətindəki yeməkxanada çörək yeyirik. Süfrə çox kasıbdır. Təmtəraqlı, dəmdəstgahlı, geniş süfrəli Ağdamı belə görmək çox ağır gəlir mənə, lap çox. Rəşid müəllimlə görüşüb ayrılırıq. O deyir:

- Yenə rəhbərliyimiz səhv edir. BMT-nin səlahiyyətli nümayəndəsi dünəndən buradadır Seyrus Vens. Bu gün də Çexoslovakiyanın xarici işlər naziri gəlib, Avropa Birliyi tərəfindən. Bunları Ağdama gətirmək lazım deyil, döyüş Dağlıq Qarabağda gedir. Döyüşən şəhərlər Şuşa, Xankəndi, Xocalıdır. Onları birbaşa oraya aparmaq lazımdır. Seyrus Vens Xocalıda deyil, Xankəndində oldu. Ancaq orada da onu bir nəfər azərbaycanlı müşayiət etmədi. İndi bunlar gedib nə danışacaqlar, yaxşı bilirsiniz.

Saat 20:35. Ağdam dəmiryolu vağzalı. Bura suyu sovulmuş dəyirmana bənzəyir. Bakıya qayıdırıq. Camal isə hələ bir gecəliyə Ağdamda qalır.

3 aprel 1992-ci il.

P.S. İki gün sonra “ Həyat” qəzetinin birinci səhifəsində Camalın səngərdə çəkdiyi böyük şəklimiz verilmişdi.

P.P.S. 1995-ci ilin 19 yanvar günü Bakıda Şəhidlər Xiyabanına ziyarətə gələnlərdən müsahibə alanda, insan axınının içində bir qolsuz qadın gördüm. 1992-ci ilin 1 aprelində Ağdama olan ezamiyyətim yadıma düşdü. İntuisiyam mənə dedi ki, bu qadın Elza xanımdır.

- Sizin adınız Elzadır?

Bu sualımdan qadın sanki sarsıldı:

- Məni hardan tanıyırsınız?

Mən 1992-ci ilin aprelində Ağdamda - onların evində olduğumu söylədin və o məni qucaqlayıb öpdü, gözlərində yaş gilələndi: – O vaxt ərimdən müsahibə götürmüsünüz, - dedi, - indi o yoxdur, rəhmətə gedib.

 

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

İtaliya A seriyasında mövsümün ən yaxşısı açıqlanıb

SONRAKI XƏBƏR

Arvadını başqa bir kişi ilə TUTDU - İntihara CƏHD ETDİ - VİDEO