Deputat: “Xaricdəki həmvətənlərimiz haqq səsimizin dünyaya çatdırılmasında yaxından iştirak etməlidirlər”

Deputat: “Xaricdəki həmvətənlərimiz haqq səsimizin dünyaya çatdırılmasında yaxından iştirak etməlidirlər”

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri növbəti hərbi təxribata cavab olaraq başlanılan əks-hücum əməliyyatına paralel olaraq güclü təbliğat işi də aparılmalıdır. Müasir dünyada müharibə anlayışını bu iki bir-biri ilə bağlı amildən ayrı təsəvvür etmək mümkün deyil.

Milli Məclisin deputatı Elnur Allahverdiyev hesab edir ki, bu işdə vətəndaşlarımızla yanaşı, xarici ölkələrdə yaşayan həmyerlilərimiz də xüsusilə fəal olmalıdırlar:

“Xaricdəki soydaşlarımız bizim danışan dilimizdir. Müharibə şəraitində dövlətin üzərinə böyük yük düşür. Vətəndaş cəmiyyəti olaraq bu yükün bir qismini biz vətəndaşlar üzərimizə götürməliyik. İndiki halda məqsəd ilk növbədə düşmənin dezinformasiyasını deşifrə etmək və savadlı, arqumentli həmlələrlə hər birimizin yaşadığımız ölkədə reallıqlarımızı yerli ictimaiyyətə çatdırmaqdır”.

E.Allahverdiyevin fikrincə, soydaşlarımız yerli KİV-lərə çıxış əldə etməli, Dağlıq Qarabağ probleminin tarixi kökləri barədə münaqişədən bixəbər olan və bir çox hallarda erməni təbliğatının təsirinə düşənləri məlumatlandırmaq işində aktiv olmalıdırlar.

“Xaricdə yaşayan həmvətənlərimiz, xüsusilə həmin ölkələrin ali məktəblərində təhsil alan gənclərimiz bu ictimai yükü, vətəndaşlıq borcunu öz üzərinə götürməlidirlər.

Təşkil etdikləri tədbirlərdə, aksiyalarda Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında yaxından iştirak etməlidirlər. Bu baxımdan, mən sosial şəbəkələr seqmentini xüsusilə qeyd etmək istəyirəm. Sosial şəbəkə insanların dünyagörüşünə təsir edən güclü təbliğati vasitədir. Düşmən bu sahədə olduqca aktivdir”, - deyə deputat vurğulayıb.

Millət vəkili hesab edir ki, hazırda xalqımızın birliyi, düşmənə qarşı vahid mövqedən çıxış etmək kimi vəzifə qarşımızda duran ən vacib məsələlərdəndir. Çünki bu günlərdə siyasi fikir ayrılığı, ədavət bütövlükdə xalqımızın məğlubiyyətinə səbəb ola bilər:

“Tarix bunu bizə bağışlamaz. 30 ildir torpaqlarımız işğal altındadır. İllərdir ki, biz bu anı gözləyirdik. Bu gün qisas günüdür. Şəhidlərimizin, erməni gülləsindən ölən körpə balalarımız, ağsaqqallarımız, qadınlarımızın qisasının alındığı gün. Bu gündən müqəddəs gün ola bilər? Ona görə də biz bir xalq olaraq aramızdakı istənilən fikir ayrılığını kənara qoyub dövlətimiz, Ali Baş komandanımız ətrafında birləşib düşmənlə mübarizə aparmalıyıq. Hər bir kəs öz sahəsində, hər birimiz nəyi yaxşı bacarırıqsa, Vətən naminə onu etməliyik”.

E.Allahverdiyevin sözlərinə görə, diasporumuzun coğrafiyası genişdir və hər bir ölkədə fəallıq nümayiş etdirilməlidir. Ancaq bu fəaliyyət dünya siyasətinə və əsasən, Dağlıq Qarabağ prosesinə, regionumuza xüsusi təsiri olan dövlətlərdə daha aktiv və mütəşəkkil olmalıdır:

“İlk növbədə Rusiya, Avropa və ABŞ-da. Bunlar mühüm güc mərkəzləri və nizamlama prosesinə cavabdeh vasitəçilərdir. Dünyada siyasi ab-havanı müəyyənləşdirən onlardır. Bu ölkələrin hər birində fəal erməni diasporu var. Onlar illərdir ki, bu ölkələrinin ictimai rəyini aldadıb özlərinə kökləyə biliblər. Haqqımızda dürüst olmayan təsəvvürlər var.

Ələlxüsus da son hərbi gərginlik fonunda. Soydaşlarımızın yaşadıqları ölkələrdəki fəaliyyəti dövlətimizin ən çox ehtiyac duyduğu amildir. Ona görə də düşmənlə təbliğat savaşında da döyüşməliyik”.

Millət vəkilinin fikrincə, hərbi əməliyyatlarla bağlı xarici KİV-də çıxan istənilən məlumata minlərlə erməni reaksiya verir. Bu müstəvidə bəzən hər 10 erməniyə bir azərbaycanlı düşür.

“Bu seqmentdə fəallığı artırmaq lazımdır. Həmin KİV-də gedən məlumatı oxuyan şəxsə materialda yazılanlardan çox, şərhlər təsir göstərir. Erməniləri bu cəbhədə də susdurmalıyıq.

Necə ki bunu ordumuz döyüş meydanlarında edir. İllərdir Ali Baş Komandan döyüş əmri gözləyirdik. Gəlin, hər birimiz bu əmri təmsil olunduğumuz sahədə yerinə yetirək”, – deyə E.Allahverdiyev deyib.

Mənbə: www.oxu.az