Deputat: “Kimsə müharibə qaydalarını pozacaqsa, onlar ən sərt şəkildə cəzalandırılmalıdır”

Deputat: “Kimsə müharibə qaydalarını pozacaqsa, onlar ən sərt şəkildə cəzalandırılmalıdır”

“Hər şey ordumuzun qələbəsi, Azərbaycanın təhlükəsizliyi üçün olmalıdır”

28 sentyabr saat 00:00-dan ölkənin bütün ərazisində hərbi vəziyyət elan edilib. Bununla bağlı prezident İlham Əliyev fərman imzalayıb.

Hərbi vəziyyətin elan edilməsi haqqında fərmana uyğun olaraq hərbi vəziyyətin təmin edilməsi məqsədi ilə bu gündən “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.

Qeyd edək ki, komendant saatının tətbiq edildiyi ərazilərdə, şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir. Xüsusi giriş-çıxış rejimi tətbiq olunur, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülür.

Qeyd edək ki, hərbi vəziyyət dövründə kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsi, xüsusi fəaliyyət rejiminin tətbiq edilməsi, hətta onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilməsi mümkündür. Cəbhəboyu zonada KİV-in fəaliyyətinin tənzimlənməsi öz əksini tapa bilir. Bundan başqa, kütləvi tədbirlərin keçirilməsi də qadağan edilə bilər.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən deputat Razi Nurullayev bildirdi ki, Azərbaycan hazırda müharibə içindədir: “O səbəbdən müharibə şəraitində qaydalar necə olmalıdırsa, ölkəmizdə də bunlar tətbiq olunmalıdır. Ötən gün Milli Məclisdə cənab Prezidentin hərbi vəziyyətlə bağlı göndərdiyi fərman qəbul edildi. Bütün siyasi partiyalar, təşkilatlar, vətəndaşlar müharibə qanunları ilə yaşamalıdır. Hər şey ordumuzun qələbəsi, Azərbaycanın təhlükəsizliyi üçün olmalıdır”.

Deputatın sözlərinə görə, siyasi partiyaların fəaliyyəti, tənqidlər kənara qoyulmalıdır, hamı Ali Baş Komandanın ətrafında birləşməlidir: “Kimsə müharibə qaydalarını pozacaqsa, onlar ən sərt şəkildə cəzalandırılmalıdır. Çünki söhbət Azərbaycan əsgərlərinin, Milli Ordumuzun təhlükəsizliyindən gedir, ölkənin təhlükəsizliyindən gedir. 30 ildir torpaqlarımızın azad olunmasını gözləyirdik, bu gün həmin müharibə var. Biz bu müharibənin qələbəyə çevrilməsinə çalışmalıyıq. Hər kəs bunun üçün əlindən gələni etməlidir”.

R.Nurullayevin sözlərinə görə, hərbi vəziyyət dövründə kütləvi tədbirlər keçirilə bilməz: “Hərbi vəziyyət dövründə heç bir fəaliyyət növünə qadağa qoyulmayıb. Sadəcə, axşam 21:00-dən səhər saat 06:00-a kimi hərəkət məhdudiyyəti qoyulub. Əgər qaydaların sərtləşdirilməsi ilə bağlı qərar qəbul edilərsə, vəziyyət dəyişərsə, o zaman siyasi fəaliyyətlərə də qadağa qoyula bilər. Hərbi vəziyyət dövründə siyasi toplantılar, piketlər, nümayişlər qadağan olunur. Heç bir kütləvi tədbir keçirilməməlidir”.

Mənbə: cia.az