“Nemət Pənahlı hər zaman Rusiyanın Azərbaycandakı planlarını həyata keçirib” - Sərdar Cəlaloğlu

“Nemət Pənahlı hər zaman Rusiyanın Azərbaycandakı planlarını həyata keçirib” - Sərdar Cəlaloğlu

Partiya sədrindən növbəti ittihamlar; “Görünür, o vaxt Moskva həbsxanasında yatanda ”verbovka" olunub..."

ADP sədri Sərdar Cəlaloğlu ilə Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı günlər öncə Reaksiya.TV-də baş tutan canlı yayında görünməmiş debat reallaşdırdılar. Hər iki tərəf bir-birinin ünvanına ən ağır söyüşlər, təhqirlər səsləndiriblər. Debat sosial şəbəkələrdə geniş müzakirələr doğurub.

Çoxları hər iki siyasətçinin efirdə davranış tərzini etik saymır, canlı yayında bu cür təhqirləri onların heç birinə yaraşdırmır. Hər iki partiya sədrinin bu debatdan sonra yenidən fikirlərinə ehtiyac duyulduğu üçün mövqelərini aldıq.

S.Cəlaloğlu yenə də əvvəlki mövqedədir: “Heç bir peşmançılığım yoxdur. Mən o debata Nemətə görə çıxmadım. Zaur bəy məndən xahiş etdi. Mən də onun xahişini yerə salmadım. Nemətin kim olduğunu, hansı səviyyədə olduğunu yaxşı bilirdim. Onu kimin ora çıxardığını, elə etməli olduğu barədə kimin ona tapşırıq verdiyini də çox gözəl bilirəm. Bunun hansı millət vəkili olduğunu da bilməmiş deyiləm. O şeylərin hamısı qabaqcadan bəlli idi. Sadəcə, fürsət düşmüşdü ki, kimin-kim olduğu barədə bəzi məlumatları xalqa verim. Müharibəyə başlamışıq, 20 Yanvarda və ya başqa vaxtlarda olduğu kimi, müəyyən qüvvələr meydana çıxıb, xalqın başına hər cür oyunlar aça bilərlər. Ona görə də milləti ehtiyatlı olmağa çağırmaq üçün o efirə çıxdım. Başqa heç bir şey yoxdur. Əvvəldən Nemətin elə edəcəyini bilsəydim, yenə də çıxardım. Bunun bir dəxli yoxdur. İndiyə qədər o şəxs kiminlə debata çıxıbsa, o cür söyüşlə, qalmaqalla yekunlaşıb. Mədəni debatını kimsə görməyib. Hər kəs öz səviyyəsini göstərir. Onun dediklərinin hamısı başdan-ayağa yalan, uydurmadır. O vaxt Dövlət Təhlükəsizlik Komitəsi göstəriş vermişdi ki, ziyalılar xalq hərəkatından uzaqlaşdırılsın, hərəkatda hörmətli adamlar qalmasın, düzgün yol göstərənlər olmasın.

Bu isə gedib o prosesə başçılıq edirdi. Görünür, bu, o vaxt Rusiya həbsxanasında yatanda ”verbovka" olunub, yaxud başqa nəsə ediblər. Bu insan xalq hərəkatının əleyhinə olan Rusiyanın adamı olub. Məsələn, 20 Yanvarda rus qoşunlarının gəlməsi ilə bağlı bir bəhanə lazım idi ki, içəridən kimsə provokasiyaya əl atsın. Nemət çıxıb demişdi ki, xalqı silahlandırmışıq. Rusiya tərəfi isə dedi ki, silahlı qüvvələri neytrallaşdırıb Bakıya giririk. O, mütəmadi olaraq dövlətimizə qarşı çıxıb. Gəncə qiyamında Surət Hüseynov arxa planda idi, əsas öndə olan Nemət idi. O, hər zaman Rusiyanın Azərbaycandakı planlarını həyata keçirib. İndi torpaqlarımızı azad etmək istəyirik. “Beşinci kolon” bu və ya digər şəkildə Azərbaycanda fəallaşmaq istəyir. O adamın əli vasitəsilə bu işlər görülə bilər. Çünki bundan əvvəlki Rusiyanın planlarında bu şəxs başda olub. Bu mənada debata çıxdım ki, xalqa bunun kim olduğunu fürsətdən istifadə edib çatdırım".

Nemət Pənahlı

Məsələ ilə bağlı Nemət Pənahlı ilə də əlaqə saxladıq. O, dəfələrlə S.Cəlaloğlu efirlərdə onun əleyhinə danışdığı üçün canlı yayında ona cavab vermək istədiyini söylədi: “Açığı, bu barədə bu cür müsahibə vermək fikrində deyiləm. Çünki canlı efirdə Sərdar Cəlaloğlu bir neçə dəfə adımı hallandırıb. Ona görə canlı yayında ona cavab verəcəm”.

Mənbə: cia.az