Deputat: “Ermənilərin mülki əhalini atəşə tutması vəhşilikdir”

Deputat: “Ermənilərin mülki əhalini atəşə tutması vəhşilikdir”

“Məlum olduğu kimi, sentyabrın 27-də səhər saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozub. Bu, Ermənistanın ilk təxribatı deyil, zaman-zaman belə hallar olub. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistana xəbərdarlıq edib, beynəlxalq təşkilatları məlumatlandırıb. Amma ermənilər bundan nəticə çıxarmadılar, indi də cəzalarını alırlar”.

Bunu

Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

V.İskəndərov qeyd edib ki, Azərbaycanın qüdrətli ordusu uğurlu döyüş əməliyyatları həyata keçirir: “Azərbaycanın heç bir ölkənin torpağında gözü yoxdur. Ermənilər təxribatlar törətdilər, Azərbaycan ordusu da əks-hücuma keçdi. Ordumuz hazırda ölkəmizin ərazi bütövlüyünün təhlükəsizliyini təmin edir, həm də işğalda olan torpaqlarımızı azad edir. Ermənilər o qədər azğınlaşıblar ki, artıq mülki əhalini atəşə tutur. Onların bu addımı vəhşilikdir. 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir. Beynəlxalq təşkilatlar əsas bu məsələyə diqqət yetirməlidir. Amma hər hansı tədbir gördüklərini müşahidə etmirik. Mülki əhaliyə hücum etmələrinin səbəblərindən biri də Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməməlidir. Bu hücumlara baxmayaraq cəbhəyanı zonalarda yaşayanlar evlərini tərk etmirlər, hər an döyüşə hazır olduqlarını bildirirlər. Bu, hamını qürurlandırır, belə vətəndaşlarımızla fəxr edirik. Hamımız əsgər kimi vətənin müdafiəsinə hazırıq. İnanırıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz işğalda olan Azərbaycan torpaqlarını azad edəcək, məcburi köçkünlər yurd-yuvalarına qayıdacaqlar, həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanacaq. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib, bu da düşmənə qalib gəlmək üçün vacib məqamdır. Böyük Qələbə uzaqda deyil!”

Mənbə: aydinliq.az