"Təcili tədbirlər paketi hazırlanmalı və kompleks işlər görülməlidir" - TƏKLİF

"Təcili tədbirlər paketi hazırlanmalı və kompleks işlər görülməlidir"  - TƏKLİF

Əziz həmvətənlər, ordumuz iki gündür ki, doğrudan qəhrəmanlıq nümayiş etdirir, düşmənə qan uddurur. Qısa zaman içərisində xeyli ərazilərimiz azad olub və ölkədə ümumi səfərbərlik elan olunub. Amma bu səfərbərlik yalnız ordu deyil, bütün millətə ünvanlanmış prosesdir. Hər kəs öz potensialı daxilində fəaliyyət nöqtəsi seçməlidir. Müharibə iki istiqamətdə: döyüş xəttində və informasiya məkanında davam etməkdədir. Müharibə başlayandan etibarən addım addım bütün döyüş və informasiya mübarizəsini izləyirəm. Təəssüf ki, bütün sahələrdə eyni səviyyədə qələbəyə öz töhfəmizi verə bilmirik.

Bəli, döyüşdə müvəffəqiyyətlərimiz böyük və təmin edicidir. Amma informasiya sahəsində təəssüf ki çox geri qalırıq. Hesab edirəm, əgər informasiya sahəsində də döyüş meydanındaki kimi müvəffəq ola bilsək, bəlkə də vəziyyət bu yerə çatmazdı. İllah da, informasiya müharibəsinin riski döyüş bölgəsində kimi çox yüksək deyil. Bütün 50 milyonluq millətin bu sahədə fəaliyyəti bir yalnız Kim Qardaşyanin fəaliyyəti ilə müqayisə oluna bilmir. Əksəriyyət haqsız gunahlandirmalar cavabsız qalır. Azərbaycanın haqq savaşı haqqında beynəlxalq informasiya axını 70%-i rus dilində, 20% ingilis dilində, 5% türk dilində və 5% də başqa dillərdə gəlir. Çünki, bu müharibənin həlledici tərəfdaşı ermənilərin müdafiəçisi Rusiyadı. Azərbaycanda və Türkiyədə rusca yazanların payı məhduddur, yaza bilənlərin də işinə adətən internet məhdudluğu mane olur. Beynəlxalq müzakirələr əsasən Azərbaycanlıların iştirakı olmadan həyata keçirilir. Sanki, nə bir milyon əzab, iztirab içərisində yaşayan qaçqın, köçkün var, nə Xocalı kimi əsrin dəhşəti var, unudulur ki, bu müharibə Azərbaycan ərazisində gedir, bu torpaqlar qaçqın düşən bir milyon azərbaycanlının dağıdılmış, viran qoyulmuş ocaqlarıdi, evləridir. Bunları beynəlxalq təşkilatlara çatdırmaq lazımdı, qaçqınları qaldırmaq lazımdı, beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara real faktlar barəsində geniş informasiya axınını təşkil etmək lazımdı.

Hörmətli hökumət üzvləri, dünya hüquq sistemində yalnız insan hüquqları hər hansı ölkənin təsir dairəsindən çıxır, bu zaman bütün dünya ayaqlanır, hətta ən guclu lider aciz qalır. Bir milyon insanımızın hüquqları hər an tapdanır, hər an pozulur. Biz bunu isbat etmək üçün zəruri informasiya axınını qura bilmirik. Mənim fikrimcə bu sahədə təcili, dərhal işə başlanmalıdır, tədbirlər paketi hazırlanmalı və kompleks işlər görülməlidir:

1. Rabitə, təhsil, müdafiə, xarici işlər, sosial mudafiə nazirliklərinin, qaçqınlar komitəsinin, xarici kəşfiyyat idarəsinin, mətbuat şurasının, diaspora ilə iş agentliyinin, həmçinin universitetlərin, qeyri hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə bir işçi qrup yaradılması və prosesin koordinasiyasının bu qrupa həvalə olunması.

2. Xarici ölkələrdə səfirliklərin informasiya axını üzrə işinin gücləndirilməsi və bu sahədə hər birindən hesabat tələb edilməsi.

3. Bütün işğal torpaqlarının əhalisi üzrə, xususilə, hazırda azad olmuş kəndlər, qəsəbələr, rayonlar üzrə icma cəmiyyətlərinin yaradılması və bu təşkilatlardan hər gün bütün beynəlxalq insan hüquqları təşkilatlarına, BMT, qaçqınlar üzrə baş komissarlığa, Cenevrə komissiyasına gündəlik ingilis və rus dilində məlumat və tələb göndərmək.

4. Qaçqın və məcburi köçkün əhali bu işdə çox aktiv olmalıdı, vəkillər kollegiyası, bu bölgələrin millət vəkilləri informasiya axınına ciddi təsir gostərməlidi. Beynəlxalq aləmi qaldırmaq üçün ən ciddi silah bu gün qaçqınların əlindədi, çünkü, ən çox onların hüquqları pozulur, beynəlxalq ictimaiyyəti onlar qaldıra bilərlər. Toplu olaraq bu icmalar beynəlxalq məhkəmələrə müraciət etməlidir.

5. Ermənistandan qaçqın düşən vətəndaşlarımız qruplar, kəndlər, qəsəbələr, rayonlar üzrə birləşərək Ermənistan işğalçılarına rəsmi, beynəlxalq təşkilatlar və məhkəmələr vasitəsilə təzyiq metodları hazırlamalı, iddia qaldırmalı və müraciət etməlidir.

Bu tədbirlər saymaqla bitən deyil, həm də çox böyük əhəmiyyətə malikdir. Heç bir risk və böyük vəsait tələb etmir. Əgər əsgərlərimiz döyüş bölgələrində həyatları ilə risk edirlərsə, insanlarımız arxa cəbhədə azacıq zəhmətləri ilə qələbəyə öz töhvələrini verməlidirlər. İnternet məhdudluğunu çoxsaylı VPN proqramları ilə həll etmək olur.

Millətimizə, ordumuza uğurlar!

Dərin hörmətlə, prof.i.e d. Saleh Məmmədov

Mənbə: moderator.az