Azərbaycanın sülh danışıqları üçün ŞƏRTİ AÇIQLANDI

Azərbaycanın sülh danışıqları üçün ŞƏRTİ AÇIQLANDI

“Lavrovun fikirlərinin tamamilə əleyhinəyəm. Onun söyləmiş olduğu 5 rayonun azad edilməsi və bölgəyə rus sülhməramlılarının yerləşdirilməsi məsələsi uzun illərdir Rusiya tərəfindən səsləndirilir, önə çəkilir. Onlar bu fikirlərlə münaqişənin həllini uzadırlar”.

Bu sözləri Redaktor.az-a millət vəkili Fəzail Ağamalı deyib. O bildirib ki, əgər 5-6 il əvvəl bu fikirlər irəli sürüləndə aktual idisə, indi artıq öz aktuallığını itirib:

“Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun söylədiyi fikirlər, təklif etdiyi məsələ boyatdır. Biz bütün işğal altında olan torpaqların azad olmasında təkid edirik. Dağlıq Qarabağdan erməni qoşunları tamamilə çıxarılmalıdır. Rus sülh məramlı qüvvələrin Azərbaycan ərazisinə yerləşdirmək məsələsinə gəldikdə isə, hər hansı bir sülh məramlı qüvvənin Azərbaycan torpaqlarına yerləşdirilməsindən söhbət gedə bilməz. Çünki Rusiyanın bu istəyi həyata keçərsə, bu, onların hansısa formada Azərbaycana qayıtması deməkdir. Ümumiyyətlə, Azərbaycanın hansısa ölkənin sülhməramlı qüvvəsinə ehtiyacı yoxdur. Azərbaycan Ordusu özü orada yaşan əhalinin təhlükəsizliyini beynəlxalq səviyyədə qorumağa qadirdir.

Əgər Rusiya ermənilərin maraqlarını müdafiə etmək istəyirsə, necə ki, Ermənistanın İran və Türkiyə ilə sərhədini qoruyur, eləcədə torpaqlar azad edildikdən sonra Azərbaycanla sərhhədi qoruyar”.

Millət vəkili sülh danışıqlarının Azərbaycanın ortaya qoyduğu şərtlər daxilində baş tuta biləcəyini bildirib:

“Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan qoşunlarının bütün işğal olunmuş toraqlardan, eyni zamanda Dağlıq Qarabağdan çıxarılmasını ortaya qoyub. Bu, Azərbyacan xalqının iradəsinə söykənən, dövlətin maraqlarına xidmət edən yanaşmadır. Xalqımız dövlət başçısının bu bəyanatını dəstəkləyir.

Bütün işğal altında olan torpaqlar azad olunmalıdır. Bundan sonra hansısa məsələlər müzakirə edilə, sülh müqaviləsi bağlana bilər. Əgər bu məsələlər danışıqlar yolu ilə baş tutmasa, ölkə başçısının ortaya qoyduğu şərtlər yerinə yetirilməsə, hər hansı danışıqlardan söhbət gedə bilməz”.

Mahir Xəttab Redaktor.az

Mənbə: redaktor.az