Tərtərlilər müharibənin ağırlığına adi hal kimi baxırlar

Tərtərlilər müharibənin ağırlığına adi hal kimi baxırlar

Tərtərdən Milli Məclisin deputatı Sahib Alıyev bölgədəki hərbi durumla bağlı redaksiyamıza bildirdi:

Sentyabrın 27-si səhər saatlarından hücuma keçən düşmən iriçaplı silahlardan yaşayış məntəqələrinə, mülki insanlara da davamlı atəşlər açıb. Həlak olanlar, yaralılar və dağıntılar var. Tərtərdəki son vəziyyətlə bağlı deyə bilərəm ki, intensiv olaraq səhər saatlarına qədər yaşayış məntəqələri atəşə tutulub. Həm mülki evlərə, həm də digər infrastruktura zərər dəyib. Lakin Azərbaycan ordusu azğın düşmənin layiqli cavabını verir, onun atəş nöqtələri anında susdurur.

Əhali arasında böyük ruh yüksəkliyi var. Tərtər sakinləri bu cür vəziyyətə çoxdan hazırlıqlıdırlar. Rayonda əhali müharibənin ağırlığına adi bir hal kimi baxır. İnsanlar qorxmur, əksinə, hər kəsin simasında sevinc, inam görünür. Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti, göstərdiyi qətiyyət və qələbə əzmi xalqımızda böyük ümidlər doğurub.

Düşmən təxribatlarının cavabını aldı, onun havadarlarından güc alan işğaçılıq əməllərinə isə tezliklə son qoyulacaq.

R.TAHİR,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com