Tezliklə Azərbaycan bayrağı bütün ölkəni bəzəyəcək

Tezliklə Azərbaycan bayrağı bütün ölkəni bəzəyəcək

“Müzəffər ordumuzun şanlı tarixinə daha bir əlamətdar gün yazıldı. Əlbəttə bu əlamətdar gün daha çox bir başlanğıc ifadə edir, hələ qarşıda gediləsi zəfər yolumuz var. Bununla belə ən yaxın günlərin zəfər yürüşünün özü ilə müqayisə etsək, ilk gün cəmi bir neçə saat içində əldə edilən nəticələr deməyə imkan verir ki, 27 sentyabr daha təsirli, daha uğurlu nəticələrlə müşahidə olundu və tarixə yazıldı”. Bu sözləri Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva cəbhə boyu əks-hücuma keçən ordumuzun əldə etdiyi uğurlarla bağlı fikir bildirərkən vurğuladı. Deputat daha sonra qələbənin yaxında olduğuna inandığını, ordumuzun gücünə güvəndiyini bildirərək dedi:

– Bu, ilkin nəticələr olsa da, ordumuzun hazırlığını, düşmən qüvvələrindən nə qədər üstün olduğumuzu, haqq işimizin qələbəsi üçün qətiyyətimizi ehtiva etməsi ilə özünəməxsus səciyyə daşıyır. Cənab Prezidentin dediyi kimi “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan hərbi birləşmələrinin heç bir hədəfi, heç bir məqsədi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə və işğaldan azad edəcəyik”.

Sentyabrın 27-də Ermənistanın yenə təxribatına qarşı ordumuz tərəfindən əks- hücum başlayandan sonra, bizi tez-tez sülhə, danışıqlara dəvət edən xarici dövlətlər, beynəlxalq qurumlar zəhmət çəkib Azərbaycan Prezidentinin bu sözlərinə diqqət etsinlər və Ermənistanın baş nazirinin “Qarabağ Azərbaycandır. Nöqtə” anti sülh çağırışını yada salsınlar. Məncə, belə bir diqqət onları öz çağırışlarında daha konkret ifadələrdən istifadə etməyə gətirə bilər. Bütün hallarda işğala məruz qalan tərəflə işğalçı tərəf eyni çağırışlar eşitməməli, hər kəs addımına layiq münasibət görməlidir. Bölgəyə sülh gəlməsinin həqiqi tərəfdarları hər kəsi öz adı ilə çağırmalı, hadlsələrə mahiyyət üzrə doğru-dürüst münasibət göstərməlidir. Çox sadə bir suala cavab soruşmaq hamımızın haqqı.

Bu qurumlar, təşkilatlar indiyədək Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğaləına göz yumduqları halda, indi niyə belə canfəşanlıq edirlər? BMT-nin 4 qətnaməsinin şərtlərinə Ermənistan biganə yanaşanda niyə susurdular? Bu havadarlar indi şəksiz qorxuya düşüblər. Çünki Azərbaycan Prezidentinin qətiyyətinə və Azərbaycan Ordusunun gücünə inanırlar. İndi hər kəs çəkilib otursun öz yerində və öz işi ilə məşğul olsun. Necə ki, Azərbaycan öz daxili işi, işğalda olan torpaqlarının azad edilməsi ilə məşğuldur. Qələbəyə yaxınıq. İnşaallah ki, çox keçməyəcək, Azərbaycan Bayrağı bütün ölkəni bəzəyəcək.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com