Tezliklə qələbə xəbərini paylaşacağıq

Tezliklə qələbə xəbərini paylaşacağıq

Azərbaycana qarşı təxribat hücumlarını yeniləyən Ermənistan bir daha sübut etdi ki, sülh və sabitliyin önündə ən böyük əngəldir. Havadarlarına güvənən bu bədnam ölkə işğalçılıq siyasətini davam etdirməklə, özünü necə rəzil duruma saldığını bir daha göstərdi. Ermənistanı dəstəkləyən ölkələr işğalçının, haqsızın yanındadırsa, Azərbaycanın tərəfində olanlar, işğala məruz qalanın, haqlı tərəfin yanındadır.

Qardaş Türkiyə həmişə Azərbaycanın yanında olub. Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, türk milləti hər zaman olduğu kimi bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır. O, öz Tvitter səhifəsində çağırış edib: "Erməni xalqını onları fəlakətə sürükləyən hakimiyyətlərinə və onları kukla kimi istifadə edənlərə qarşı öz gələcəklərinə sahib çıxmağa çağırıram. Eyni zamanda bütün dünyanı zülmə və ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında yer almağa çağırıram".

Biz qardaş Türkiyənin Azərbaycana dəstəyini həmişə, bu gün isə daha çox hiss edirik. Ordumuz işğalda olan torpaqları azad etmək üçün savaşa qalxan andan da əvvəl Türkiyə Azərbaycanın yanında olduğunu dəfələrlə bəyan edib. Prezident Ərdoğanın Tvitterdəki çağırışı isə onun dövlətimizin başçısına, xalqımıza olan münasibətinin ifadəsidir.

Cənab Prezident həm xalqa müraciətində, həm də Təhlükəsizlik Şurasının iclasında Ermənistanın işğalçılıq siyasətini və xəbis niyyətini bir daha açıqladı və sonuncu hərbi təxribatın planlaşdırılmış olduğunu dedi. Bildirdi ki, onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. O, Ermənistanın bizə qarşı yeni müharibəyə başlamaq fikrində olduğunu son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən bildirdiyini vurğuladı.

Sentyabrın 27-də səhər tezdən Ermənistan silahlı qüvvələri dövlət başçımızın dediyi kimi, Azərbaycana qarşı növbəti hərbi təxribat törətdi. Bu, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdiyini və bu siyasətin Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərdi. Təhlükəsizlik Şurasının iclasında cənab Prezident bildirdi ki, mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır!

Məcburi köçkünlər bütün tədbirlərdə, doğma yurd-yuvalarına, el-obalarına, düşmən tapdağında qalan torpaqlarına qovuşmaq arzusunda olduqlarını bildirirlər. İndi onların yerə-göyə sığmayan sevinclərinə şahid oluruq. Xalqımız ordumuzun gücünə və qələbənin yaxında olduğuna inanır. Çünki, ordumuz bütün cəbhə boyu inamla irəliləyir. İnam isə qələbənin rəhnidir.

Arzu BAĞIROVA,
“Regional Hüquqi bə İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri

Mənbə: xalqqazeti.com