"Torpaqlarını geri qaytarmaq üçün Azərbaycanın silahlı qüvvələrindən istifadə etməyə tam haqqı var" - Britaniyalı jurnalist

"Torpaqlarını geri qaytarmaq üçün Azərbaycanın silahlı qüvvələrindən istifadə etməyə tam haqqı var" - Britaniyalı jurnalist

Sentybarın 27-sindən başlayaraq Ermənistan silahlı birləşmələri işğal olunmuş Dağlıq Qarabağ regionundan Azərbaycanın mövqelərinə və təmas xəttində yerləşən yaşayış məntəqələri istiqamətində təxribat xarakterli hücumlar ediblər. Yerli xəbərlərə görə mülki əhali arasında çoxlu həlak olanlar var. Ermənilərin hücumu nəticəsində iki azyaşlı uşaq daxil olmaqla bir ailənin beş üzvü həlak olub. Lakin Ermənistanın hücumlarının qarşısını almaq üçün Azərbaycan Ordusunun komandanlığı bütün cəbhəboyu əks-hücumlara başlayıb. Azərbaycan hərbi birləşmələri canlı qüvvəsi, silahlı nəqliyyat vasitələri və ağır topları ilə beynəlxalq hüquq normalarına uyğun olaraq torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əməliyyatlar həyata keçirir.

Eurasia Diary analitik portalı britaniyalı jurnalist Neil Vatsonun erməni təcavüzünə münasibətini öyrənib.

O, Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə və günahsız mülki şəxslərə qarşı hücumunu qınayıb.

"Beynəlxalq hüququ, insan haqlarını və ərazi bütövlüyünü dəstəkləyən hər bir kəs kimi, mən də bazar günü səhər saatlarında Ermənistanın mülki məntəqələri hədəfə alan təcavüzünü qınayıram", Vatson deyib.

Britaniyalı jurnalist 1994-cü ildə atəşkəsin elan edildiyi gündən bəri Azərbaycanın qətiyyətlə sülh axtardığını vurğulayıb.

“Azərbaycan danışıqlar yolu ilə sülhün əldə olunması üzrə təsis edilən ATƏT-in Minsk Qrupunun işində fəal şəkildə iştirak edib və Azərbaycan Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hətta yüksək səviyyədə muxtariyyət təklif edərək həll olunmalı olduğunu dəfələrlə bildirib. Buna baxmayaraq, Rusiya, İran və diasporası tərəfindən dəstəklənən Ermənistan Dağlıq Qarabağı və ətrafdakı yeddi rayonu işğal etməyə davam edib. Bu səbəbdən Azərbaycanın silahlı qüvvələrini qanuni olaraq qəbul edilmiş ərazilərini geri qaytarmaq üçün istifadə etməyə tam haqqı var”, Neil Vatson bildirib.

O, həm də Ermənistanın beynəlxalq hüquqa və insan həyatına saymazyana münasibətini dəfələrlə nümayiş etdirdiyini də vurğulayıb.

“Son hücum iki azyaşlı uşaq da daxil olmaqla beş nəfərlik bir ailəni tamamilə yox edib. Rusiya və İran tərəfindən dəstəklənən və bütün bölgədə sabitliyi pozan Ermənistan barıt çəlləyidir. Bundan əlavə, Ermənistan təcavüzü əhəmiyyətli enerji boru kəmərləri yaxınlığında da özünü göstərib” Vatson deyib.

"Beynəlxalq ictimaiyyət digər millətlərə qarşı olduğu kimi dərhal Ermənistana qarşı tədbir görməli və onları Azərbaycan ərazilərindən çəkilməyə məcbur etməlidir".

Xatırladaq ki, Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi ilə başlayıb. Müharibə nəticəsində Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizini işğal edib.

Ermənistan rejimi silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd və BMT Baş Assambleyasının iki qətnaməsinə hələ də məhəl qoymur.

Mənbə: ednews.net