Şəhidlərimizin qanı yerdə qalmayacaq

Şəhidlərimizin qanı yerdə qalmayacaq

“Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”. Bu sözləri cənab Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı səsləndirdi. Dövlət başçısının çıxışına qulaq asdıqca, kövrəldim, gözlərim yaşardı.

26 il əvvəl Horadiz əməliyyatı, Cocuq Mərcanılda baş verənlər gözlərim önündə canlandı. O vaxt Daxili Qoşunlarda hərbi xidmətdə olan oğlum Faiq Rzayev Horadiz əməliyyatında iştirak edirdi. Kəşfiyyat qrupunun tərkibində Cocuq Mərcanlıya girmişdi və səhərə qədər düşmənlə vuruşdular. Oğlum şəhid oldu, ancaq qanı yerdə qalmadı, Cocuq Mərcanlı azad olundu. Bu gün həmin kəndi, az qala, bütün dünya tanıyır. Oğlum Faiq Rzayev Vətənimizin azadlığı uğurunda göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.
Son günlər ermənilər yenidən bütün cəbhə boyu hücuma keçiblər. Ancaq şanlı Ordumuz düşmənin rəzil niyyətlərini ürəklərində qoyub. Bütün cəbhə boyu qüdrətli ordumuzdan aldıqları ağır zərbələr qarşısında tab gətirə bilmirlər və silah-sursatı atıb qaçırlar. Bu, ermənilərin birinci məğlubiyyəti deyil. Onlar ­
2016- cı ilin Aprel döyüşlərində və bu il iyul ayında Tovuzda törətmək istədikləri təxribatlar zamanı da ordumuzun qarşısında davam gətirə bilmədilər. Bu, ermənilərin daha ağır məğlubiyyətidir. Düşmənin başı əzilir. Şəhidlərimizin qisası alınır.
Eşq olsun cənab Prezident! Biz Sizinlə fəxr edirik! İnşallah bayrağımız işğal altındakı torpaqlarımızda dalğalanmaq ərəfəsindədir.

 

Rüxsarə MƏMMƏDOVA,
şəhid anası

Mənbə: xalqqazeti.com