Ermənistanla Azərbaycan arasında hərbi toqquşmalar başlayıb

Ermənistanla Azərbaycan arasında hərbi toqquşmalar başlayıb

Müəlliflər: Rori Sallivan, Cenifer Hauzer

Ermənistanla Azərbaycan arasında uzun zamandır yığılmış gərginlik Dağlıq Qarabağ regionunda alovlanıb. İtkilərlə bağlı yayılan xəbərlərin fonunda tərəflər bir-birini mülki obyektlərə hücumda da günahlandırır.

Bu iki qonşu, iki postsovet respublikası arasında bu regionla bağlı çoxdan fikir ayrılığı var Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Tərəflər 1994-cü ilədək bu bölgə uğrunda müharibə aparıb. O zaman iki ölkə arasında Rusiyanın vasitəçiliyilə atəşkəs müqaviləsi imzalansa da, toqquşmalar mütəmadi olaraq qeydə alınırdı. Sentyabrın 27-də isə Ermənistan qonşusu tərəfindən raket zərbələri aldığı haqda məlumat yayıb. Lakin Azərbaycan əksinə, hərbi qarşıdurmanın başlamasına görə Ermənistanı günahlandırır.

Ermənistanın baş naziri Nikol Paşinyan “Twitter”də yazıb ki, ölkəsi Azərbaycan tərəfinin raket zərbələrinə cavab olaraq, Azərbaycana məxsus 2 helikopteri, 3 pilotsuz uçuş aparatını və 3 tankı vurub.

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın (dırnaq işarəsi bizə aiddir - WM) (beynəlxalq birlik tərəfindən tanınmır) lideri Araik Arutunyan isə Azərbaycanın bir neçə mövqeni ələ keçirdiyini etiraf edib: “Biz bəzi mövqeləri itimişik. Onlar əsasən Talış və cənub rayonları istiqamətindədir”.

Paşinyan vəziyyətin gərginləşməsinə görə ölkədə hərbi vəziyyət və səfərbərlik elan edib.

Azərbaycan parlamenti də öz növbəsində, bazar günü hərbi vəziyyətin elan edilməsi haqqında qərar çıxarıb. Qərar dərhal Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənib.

Ermənistan tərəfinin iddialarına görə, Azərbaycan Stepanakert (Xankəndi - WM) daxil olmaqla, müxtəlif ərazilərdə mülki obyektlərə hücum edir. “DQR” nümayəndəsi Artak Beqlaryan isə hərbi hücum nəticəsində 1 qadın və körpənin həlak olduğunu deyib. Onun sözlərinə görə, hərbi əməliyyat nəticəsində onlarla insan yaralanıb, infrastruktura ciddi ziyan dəyib: “Azərbaycan mülki obyektlərə qəsdən hücum edir”.

Bakı isə hərbi toqquşmanın başlamasına görə məsuliyyətin Yerevanın üzərinə düşdüyünü bəyan edib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb ki, “mülki şəxslər və hərbi qulluqçular arasında itkilərin olduğu haqda məlumatlar daxil olur. Çox sayda evə və mülki infrastruktura zərər dəyib”.

Ermənistanı təcavüzkarlıq aktında və güc tətbiq etməkdə günahlandıran Hacıyev baş verənlərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

APA Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinə istinadən xəbər verir ki, bazar günü Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 1 azərbaycanlı ailənin 5 üzvü həlak olub. Məlumata görə, hərbi qarşıdurma nəticəsində 19 mülki şəxs yaralanıb və xəstəxanalara yerləşdirilib (yazı dünən dərc olunub - WM).

“AZƏRTAC” isə xəbər verir ki, Ermənistanın artilleriya zərbələri, tanklardan açılan atəş nəticəsində cəbhə boyu ərazidə yaşayan 14 mülki şəxs yaralanıb. CNN bu məsələ ilə bağlı tərəflərdən heç birinin məlumatını təsdiqlədə bilməyib.

Azərbaycan Müdafi Nazirliyi “Azərbaycan Ordusunun cavab tədbirləri gördüyünü, əməliyyat şəraitinə tam nəzarət olunduğunu” açıqlayıb.

Ermənistanın Müdafiə Nazirliyinin açıqlamasında isə deyilir: “Biz Azərbaycanın hərbi-siyasi rəhbərliyinin təcavüzünü təqiyyətlə pisləyirik. Azərbaycanın hərbi-siyasi rəhbərliyi buna görə məsuliyyət daşıyır”.

Son illərdə iki ölkə arasında hərbi qarşıdurmalar çoxalıb. Məsələn, 2016-cı ildə baş vermiş hərbi qarşıdurma zamanı hər iki tərəfdən ümumilikdə onlarla əsgər həyatını itirmişdi. Həmin vaxt BMT-nin baş katibi Pan Qi Mun Ermənistanla Aərbaycanı döyüşləri dərhal dayandırmağa və dialoqa davam etməyə səsləmişdi.

Qeyd edək ki, beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağ regionu etnik ermənilərin nəzarətindədir.

Baş verənlərə münasibət bilirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana tam dəstəyini ifadə edib. O, Ermənistanı Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ən böyük maneə adlandırıb: “Türk xalqı hər zaman olduğu kimi, bu gün də azərbaycanlı bacı və qardaşlarına bütün vasitələrlə yardım göstərməkdə davam edəcək”.

Rusiya prezidenti Vladimir Putin isə son gərginliyi Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı müzakirə edib. Kremlin bəyanatında qeyd edilir ki, Putin son hərbi qarşıdurma ilə bağlı narahatlığını ifadə edib: “Hərbi gərginliyin, ən əsası hərbi əməliyyatların aradan qaldırılması üçün bütün lazımi səyləri həyata keçirməyə ehtiyac var”.

ABŞ da Ermənistanla Azərbaycan arasında baş vermiş son hərbi toqquşmadan narahatlığını ifadə edib. Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqusun bəyanatında hər iki tərəf dərhal hərbi əməliyyatları dayandırmağa dəvət olunur.

Mənbə: worldmedia.az