Erməni anaları buna “dur” deməlidir – Cəfəroğlu

Erməni anaları buna “dur” deməlidir – Cəfəroğlu

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın sivil, dinc əhalisinə atəş açması, yaşayış məskənlərini, evləri özünə hədəf seçməsi ilk növbədə acizlik, daha sonra isə insan haqlarının kobud şəkildə pozulmasıdır. Biz cəbhəyanı kəndlərdə həlak olan, yaralanan insanlarla bağlı beynəlxalq qurumlara vaxtında məlumat veririk.

Bu sözlər Axar.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu son günlər cəbhə bölgələrində artan gərginlik fonunda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki obyektləri və silahsız dinc vətəndaşları özünə hədəf seçməsi haqda danışarkən deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar müntəzəm olaraq cəbhə xəttində baş verən proseslər, eyni zamanda yaralanan, həlak olan sivil vətəndaşlarla bağlı məlumatlandırılır:

"Hazırda internet bağlantısı olmadığından telefon vasitəsi ilə beynəlxalq təşkilatlarla vaxtaşırı əlaqə saxlayırıq. Bu gün Azərbaycan Ordusu öz torpağı uğrunda döyüşür. Bəli, itkilərimiz var, lakin bu bizim Vətən müharibəmizdir.

Bu gün hər iki tərəfdən itkilər var, lakin arada çox böyük fərq var. Məsələ ondadır ki, Azərbaycan əsgərinin əksinə erməni əsgərləri məqsədsiz, boş və uydurma bir ideologiya uğrunda, yad torpaqlarda ölür. Bu gün erməni anaları övladlarının Ermənistanın işğalçı, təcavüzkar siyasi rejiminin mənfur siyasəti uğrunda ölməsinə qarşı çıxmalı, övladlarını Qarabağa ölümə göndərməməlidir”.

Mənbə: axar.az