Bu istiqamətdə Türkiyə ilə birgə işləyəcəyik – Seyidov

Bu istiqamətdə Türkiyə ilə birgə işləyəcəyik – Seyidov

Ermənistan ordusunun mülki əhalini hədəf alması ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırılır, məktublar göndərilir.

Bunu Axar.az-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ermənilərin mülki əhalini atəşə tutması ilə bağlı Azərbaycan parlamentinin atdığı adekvat addımlar barədə danışarkən deyib. Deputat bildirib ki, bu istiqamətdə hazırda işlər davam edir:

“Üzv olduğumuz, olmadığımız bütün beynəlxalq təşkilatlar bu barədə məlumatlandırılıb. Bundan sonra da bu istiqamətdə işlər davam etdiriləcək. Parlamentin 80-dən yuxarı dostluq qrupları var. Onların hamısına ermənilərin mülki əhalini hədəf alması ilə bağlı faktlar göndərilib”.

Səməd Seyidovun sözlərinə görə, parlamentin müxtəlif beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri tərəfindən həmin qurumlar məlumatlandırılıb:

“Bir fakt belə kənarda qalmır. Ermənilərin mülki əhaliyə qarşı cinayətləri ilə bağlı məlumatları mütəmadi olaraq beynəlxalq təşkilatlara ötürürük”.

Millət vəkili onu da əlavə edib ki, müxtəlif təşkilatlarla telefon danışıqları da aparılır:

“Bir az əvvəl Türkiyə parlamentinin Xarici əlaqələr komitəsinin sədri Akif Kılıçla bu məsələləri müzakirə etdik. Qərara aldıq ki, bu istiqamətdə birgə fəaliyyət göstərək”.

Mənbə: axar.az