Bu, sülhə məcbur etmə əməliyyatıdır – Səməd Seyidov

Bu, sülhə məcbur etmə əməliyyatıdır – Səməd Seyidov

Bu gün Türkiyə, Pakistan, Əfqanıstan və başqa ölkələr son hadisələrdə Azərbaycanın yanında olduğunu göstərdilər. Onlar çox gözəl başa düşürlər ki, bu, ərazi bütövlüyü məsələsi, beynəlxalq qanunlar çərçivəsində aparılan və sülhə məcburetmə əməliyyatıdır.

Bunu Axar.az-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov cəbhə bölgəsində aparılan hərbi əməliyyatların beynəlxalq siyasi arenada əks-sədasından danışarkən deyib. Deputatın sözlərinə görə, sözün əsl mənasında beynəlxalq hüquq çərçivəsində Azərbaycanın davranışı çox ciddi qəbul olunur:

“Hesab edirəm ki, proses getdikcə daha da yüksələcək. Artıq beynəlxalq təşkilatlarda bu məsələlər müzakirə olunmağa başlayır. Biz çalışırıq ki, beynəlxalq təşkilatlar, qurumlar işğala məruz qalmış ölkə ilə işğalçını bir müstəvidə müzakirə etməsin”.

Səməd Seyidovun fikrincə, beynəlxalq təşkilatlar əvvəlcə işğalçını öz adı ilə adlandırmalıdır:

“Ermənistan ordusu işğalda saxladığı ərazidən çıxmalıdır. Yalnız bundan sonra obyektiv, beynəlxalq qanunlara uyğun sülh danışıqları başlaya bilər”.

Mənbə: axar.az