“Kəndimiz uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirəm...”

“Kəndimiz uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirəm...”

“İnşallah çox istərdim ki, torpaqlarımız işğaldan azad olunsun, haqq-ədalət qalib gəlsin. Çünki biz öz torpağımızda döyüşürük, niyə dədə-babamızın məzarını ziyarət edə bilmirik, kəndimizə gedə bilmirik”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Elçin Hüseynbəyli deyib. Yazıçı işğal altda qalan doğma kəndi uğrundan döyüşmək istədiyini bildirib:

“İndi gözləyirəm, əgər aparsalar, kəndimiz uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirəm. Mən Mahmudlu kəndində doğulmuşam, Böyük Mərcanlıyla bizim kəndin arasında iki kənd var. Açığını deyim ki, son hadisələr adamı həyacanlandırır. Çünki bir tərəfdən sevinirsən, amma o biri tərəfdən də narahat olursan ki, torpaqlarımızın azad edilməsi uğrunda döyüşlər gedir, hücum edən tərəf bizik və itkilərimiz də var. Bizim gənc hərbçilərimiz şəhid olurlar, amma təbii ki, müharibə itkisiz olmur. Qaldı ki, ermənilər bu müharibəni bizə sırıyıblar. Artıq 27 ildir ki, mən kəndimizə gedə bilmirəm və 26 ildən çox vaxt keçir Bişkek müqaviləsindən. Ancaq ermənilər ipə-sapa yatmırlar. Paşinyanın son çıxışları adamda qıcıq yaradırdı. İnşallah çox istərdim ki, torpaqlarımız işğaldan azad olunsun, haqq-ədalət qalib gəlsin. Çünki biz öz torpağımızda döyüşürük, niyə dədə-babamızın məzarını ziyarət edə bilmirik, kəndimizə gedə bilmirik. Biz başqa dövlətdən torpaq istəmirik və hamı da bilir ki, Ermənistan özü qədim Azərbaycan torpaqlarında yaradılıb. Bizim dövlətimiz, ordumuz var, xalqla dövlət bir yerdədir və hamı da Ali Baş Komandanın yanındadır, hər zaman ona dəstək olmağa hazırdır. Əqidəsindən asılı olmayaraq torpaqlarımızın azadlığı uğrunda hər kəs öz töhvəsini versin.

Mən çox istəyərdim ki, bu münaqişə tez həll olunsun. Artıq beynəlxalq ictimaiyyət əgər istəyirsə ki, bu problem tez həll olunsun, onda ermənilərə desinlər ki, qoşunlarını Azərbaycan torpaqlarından geri çəkin, qoy Azərbaycan öz vətəndaşlarıyla, çünki Qarabağ erməniləri də bizim vətəndaşlarımızdır, onlarla münaqişəni həll etsinlər. Mən inanıram ki, Azərbaycan ordusu Dağlıq Qarabağa hücumla girməyəcək. Belə olarsa, hər iki tərəfdən itkilərin sayı az olar”.

Vasif Əlihüseyn

Mənbə: moderator.az