Komitə sədri: “Hərbi vəziyyətin elanı erməni təxribatlarına qarşı adekvat cavab oldu”

Komitə sədri: “Hərbi vəziyyətin elanı erməni təxribatlarına qarşı adekvat cavab oldu”

“Ölkədə hərbi vəziyyətin elan edilməsi, Azərbaycan Respublikası prezidentinin çağırışı torpaqlarımızı erməni vandallarından azad etmək üçün Azərbaycan xalqının çoxdan gözlədiyi bir məqam, şans idi”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Komitə sədri bildirib ki, biz məsələyə kifayət qədər tolerant yanaşdıq:

“1994-cü ildə atəşkəs elan olunandan bugünə qədərki dövr ərzində çalışdıq ki, Sovet İttifaqının tərkibindən çıxan hər bir dövlət kimi yeni dünyaya inteqrasiya edək. Bu vəziyyətdən maksimum istifadə etdik. Ölkədəki sabitliyi qorumağa və iqtisadi vəziyyəti yaxşılaşdırmağa çalışdıq. Eyni zamanda, dünyanın bir parçası kimi siyasi mühitimizi yaxşılaşdırdıq, seçkilərimizi demokratik şəkildə keçirdik. Ermənistan dövlətində isə bunların heç birini görmək mümkün deyil. Orada bir neçə dəfə hakimiyyət çevrilişi baş verib. Parlament tərəfindən insanlara atəş açılıb. Zaman keçdikcə, faşist ideyaları baş qaldırıb. Onlar inkişaf etmək əvəzinə olduqları səviyyədən də aşağı endilər. Bir cümlə ilə “Qarabağ Ermənistanındır!”deməklə onların bütün iç üzü açıldı”.

Sadiq Qurbanovun sözlərinə görə, hərbi vəziyyətin elan olunmasıyla bağlı qanunun qəbul olunması, erməni təxribatlarına qarşı adekvat bir cavab oldu:

“Bu vəziyyət, bir qədər insan hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarsa da, əhalimiz vəziyyəti sevinc və anlayışla qarşılandı. Ölkə prezidenti, cənab İlham Əliyev hər çıxışında, dünyaya ermənilərin işğalçı siyasəti haqqında öz mesajlarını verirdi. O dəfələrlə bildirib ki, ermənilər bizim torpağlarımızda “ağalıq” etməyə çalışır və bunun qarşısı alınmalıdır. Onlar beynəlxalq hüququ hər tərəfdən pozurdular. Torpaqlarımızda məskunlaşdılar, inşaat işləri gördülər. BMT-nin qəbul etdiyi dörd qətnaməyə əməl etmədilər. Ona görə də hərbi vəziyyətin elan edilməsi, bir növ Azərbaycanın öz torpaqlarını sonuna qədər müdafiə edəcəyinin göstəricisidir. Bu gün Azərbaycan xalqı hər zaman olduğundan daha çox həmrəy olmalıdır. Bu eyni zamanda ordu və dövlətin də birliyinin göstəricisidir. Ölkəmizdəki əlli siyasi partiya da elan etdi ki, onlar Ali Baş Komandanımıza bağlıdır”.

Mənbə: modern.az