Ermənistan təmas xəttindəki təxribatları Azərbaycanla sərhədlərə köçürür...

Ermənistan təmas xəttindəki təxribatları Azərbaycanla sərhədlərə köçürür...

Azad İsazadə: “Erməni tərəfi bu taktikadan istifadə edərək istəyir ki, Azərbaycan Ordusunun qüvvələri parçalansın”

Ermənistan növbəti provokasiyaya əl atıb. Belə ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulub. Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək.

Görünən odur ki, Qarabağ istiqamətində Azərbaycan Ordusunun ciddi zərbələrinə məruz qalan Ermənistan artıq sərhəd bölgəmizdə təxribatlara başlayır. Bu minvalla döyüşləri dövlət sərhədinə keçirməyə yönəlik təxribatlara əl atır. Ermənistan ordusunun Daşkəsəni atəşə tutması məhz buna xidmət edir. Buna cəhd etməkdə məqsəd Azərbaycanın uğurlu Qarabağ əməliyyatlarına diqqəti azaltmaq və ölkəmiz barədə mənfi rəy yaratmaqdır. Guya ki, Azərbaycan Ermənistanla olan dövlət sərhədində “təxribat” törədir. Daha sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını məsələyə müdaxilə etməyə məcbur etmək. Ermənistan Tovuz təxribatının timsalında buna çalışsa da, istəyinə nail ola bilmədi. Heç şübhəsiz ki, Daşkəsən istiqamətində də buna nail ola bilməyəcək. Çünki düşmənin hansı xəbis niyyətlərə malik olduğunu yaxşı bilirik.

Maraqlıdır, bəs hərbi ekspertlər Ermənistanın təmas xəttindəki təxribatları Azərbaycanla sərhədlərə köçürməsini, bunun arxasında gizlənən məqsədin mahiyyətini necə dəyərləndirirlər?

“Daşkəsəni atəşə tutmaqda Ermənistanın ikinci məqsədi...”

Məsələyə münasibət bildirən hərbi ekspert Azad İsazadənin sözlərinə görə, Ermənistan ordusunun Daşkəsəni atəşə tutmasında müəyyən hərbi və siyasi məqsədləri var: “Birincisi, bu adi hərbi taktikadır. Məsələ ondadır ki, ordu hansısa istiqamətdə hücuma keçirsə, qarşı tərəf digər yerə hücum edir. Erməni tərəfi də bu taktikadan istifadə edərək istəyir ki, Azərbaycan Ordusunun qüvvələri parçalansın. Yəni Qarabağ cəbhəsində döyüşən qüvvələrin bir hissəsi Daşkəsənə cəlb olunsun. Diqqət Daşkəsənə yönəlsin və nəticədə Qarabağ istiqamətində həyata keçirilən hücum əməliyyatlarının dinamikası aşağı düşsün. Ermənilərin əsas məqsədi bundan ibarətdir. Çünki sentyabrın 27-dən başlayaraq ordumuz Qarabağ istiqamətində uğurlu döyüş əməliyyatları apararaq düşmənə sarsıdıcı zərbələr endirir. Daşkəsəni atəşə tutmaqda Ermənistanın ikinci məqsədi beynəlxalq miqyasda Azərbaycan barədə işğalçı imic yaratmaqdır. Təxribat törədirlər ki, Azərbaycan cavab atəşi açmağa məcbur olsun. Nəticədə belə bir rəy yaratsınlar ki, müharibə təkcə Qarabağda yox, Ermənistan ərazisində də gedir. Beləcə beynəlxalq müstəvidə yalançı rəy yaratmaq istəyirlər ki, guya Azərbaycan Ermənistana təcavüz edir. Erməni tərəfinin üçüncü məqsədi sözügedən təxribatla KTMT-ni məsələyə müdaxilə etməyə cəlb etməkdir. Düzdür, onlar Tovuz döyüşlərində buna nail ola bilmədilər. Sözügedən hərbi qurum buna qoşulmadı. Başa düşürlər ki, bunu edə bilməyəcəklər. Ancaq, bu minvalla, heç olmasa hay-küy qaldırmaq istəyirlər. O üzdən, işğalçı tərəf sözügedən məqsədi güdə bilər”.

Hərbi ekspertin fikrincə, erməni tərəfi hansı təxribatlara əl atsa da, fiasko ilə üzləşəcək.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com